Goranboyda tarixi abidə aşkarlanıb


15:14     22 Yanvar 2018 2018/01/kerpiclitepe_1516605317.jpg

“Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri üzrə aparılan müvafiq işlər zamanı Goranboy rayonunun Borsunlu kəndinin inzibati ərazisindəki Kərpiclitəpə adlı yerdə tarixi əhəmiyyətli abidə aşkarlanıb.


Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Femida.az-a verilən məlumata görə, abidə Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının rəhbərlik etdiyi qrup tərəfindən tapılıb.

Hazırda ərazidə çöl-tədqiqat işlərinin rəhbəri, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun başçılığı altında qazıntılar davam etdirilir.

"Kərpiclitəpə abidəsi Borsunlu kəndindən təxminən 1,5 km cənub-şərqdə yerləşir. Ötən il aparılmış qazıntılar zamanı iki tikinti horizontu qeydə alınıb. Birinci horizontda əsasən çay daşlarından hörülmüş divar qalıqları, gildən hazırlanmış təndirlər və qızdırıcı sobalar, 2 quraşdırma təndirləri, həmçinin su quyusu aşkar edilib. İkinci horizontda isə şərti olaraq “qəsr” adlandırılan böyük bir tikilinin bir hissəsi, kərpic və keramika bişirildiyi böyük bir soba, çoxsaylı bütöv və quraşdırılma təndirlər, ocaqlar, su və təsərrüfat quyuları aşkarlanıb. “Qəsr”in divarları bişmiş kərpicdən və çay daşından, soba isə çiy kərpicdən hörülüb.

Qazıntılar zamanı çoxlu sayda şirli və şirsiz saxsı qablar və onların fraqmentləri, müxtəlif heyvan sümükləri, mis sikkələr, şüşə qab və qolbaq fraqmentləri, gil və pasta muncuqlar, dəmir və sümükdən hazırlanmış məmulatların detalları və daş əmək alətləri tapılıb.

Aşkar edilmiş tikili qalıqları, saxsı qablar və numizmatik materiallar bu abidənin orta əsrlərin inkişafı dövrünə, daha dəqiq desək, X əsrin sonları - XIII əsrin əvvəllərinə aid olduğunu göstərir.

Tikili qalıqlarında tətbiq olunan memarlıq üslubları, olduqca nəfis hazırlanmış keramika nümunələrinin bolluğu və külli miqdarda sikkələrin tapılması abidənin öz dövründə mühüm siyasi əhəmiyyətə malik yaşayış mərkəzi olduğunu deməyə əsas verir. Ehtimala görə, bu yaşayış mərkəzində həyat Çingiz xan istilaları ilə əlaqədar kəsilib", - deyə məlumatda bildirilir.

Femida.az

Açar sözlər: Goranboy   Abidə   Kərpiclitəpə  

Oxunub: 750