Bircə mahnı ilə bütün Azərbaycanda məşhurlaşan kərküklü JURNALİST


16:46     22 Yanvar 2018 18_01_22_1516610821.jpg


Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər.

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub.

Femida.az Modern.az saytının hazırladığı məqalələni təqdim edir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir.

Bu dəfə haqqında danışacağımız şəxs bir zamanlar özünün ecazar səsi ilə hamını heyrələndirən, Bakıda çox qalmasa da, hamının sevimlisinə çevrilən türk qanlı, türkmən kökənli diktor, solist Sinan Səiddir. Yəqin ki, xatırladınız... Möhtəşəm səs sahibi olan həmyerlimiz Nərminə Məmmədova ilə kərkük xalq mahnılarını ifa edən Sinan Səid... O zaman bütün Azərbaycan bu ecazkar səsin sehrinə düşmüşdü. Hər gün gecə saat 1-ə 5 dəqiqə işləmiş Nərminə xanımla Sinan Səidin ifa etdiyi 4 dueti mütləq radioda səsləndirirdilər. İnsanlar bu ifaları dinləməmiş yuxuya getməzdilər. Özü də təkcə Azərbaycanda yox... Həm də bizə doğma olan Kərkük elində də... Kərkükdən gələn qələm adamları və musiqiçilərin dediyinə görə, orada bir çox evlərdə körpə uşaqlara bu ifanı dinlədərək yatırırarmışlar:

Səni alım, hara qaçım
Ninnə yarım, ninnə...
əsmər yarım ninnə...




DOSYE
Sinan Səid 1934-cü ildə İraq ərazisindəki Kərkük şəhərində anadan olub. Onun aid olduğu nəsil ziyalılığına, şeirə, musiqiyə sevgisinə görə fərqlənib. Sinan Səid 25 yaşında olarən Bakıya dəvət edilir. 1959-cu ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan Azərbaycana gəlir. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışır.

Kərkükdən Bakıya gələrkən,onun ali təhsii yox idi. Amma Bakıda yaşadığı illərdə ali təhsil ala bilir: 1965-ci ildə ADU-nun Jurnalistika şöbəsini bitirir, 1969-cu ildə Bakıda "İraq-türkman mətbuatı və ədəbi məsələlər" mövzusunda namizədlik dissertasiyası müdafiə edir.

Bakıya orta təhsilli şəxs kimi gələn Sinan Səid 1970-ci ildə öz işinə xitam verib İraqa qayıdanda artıq elmlər namizədi idi.
1970-ci ildən Bağdad Universitetinin Jurnalistika fakültəsində dərs deyir, 1975-1980-ci illərdə fakültənin dekanı olur. Azərbaycan ədəbiyyatının ərəb dilinə tərcüməsi sahəsində xidməti böyükdür. Süleyman Rəhimovun "Ata və oğullar" hekayələr toplusunu, "Dost əlləri" şeirlər toplusunu "Molla Pənah Vaqif", "Mirzə Ələkbər Sabir", "Cəlil Məmmədquluzadə" monoqrafiyalarını ərəb dilinə çevirib.

Azərbaycan şairlərinin şeirlərini tərcümə edərək, geniş müqəddimə ilə "Ərəb ellərinə Azərbaycan nəğmələri" (Bağdad, 1971) kitabını çap edib”. Sinan Səid 1990-cı ildə vəfat edib.

“Əşi bu da azərbaycanlı imiş ki…”

1958-ci ildə Bakı Televiziya və Radio Komitəsinin nəzdindəki radioda ərəb şöbəsi açıldığından ərəb və türk dilini təmiz bilən bir nəfər axtarılır. Nəticədə gənc Sinan Səidi tapırlar və o, bu tələblərə cavab verdiyindən Bakıya dəvət olunur. Ərəb dilində həftəlik proqramı səsləndirməklə yanaşı, xəbərləri oxuyur və Azərbaycan ədəbiyyatının sayılıb-seçilən yazarlarını ərəb dilinə tərcümə edirdi.

Radionun qocaman diktorlarından olan Sabir Axundov 1959-cu ildə Moskvaya gedəndə Dövlət Radiosundan Yevgeni Primakov ona bildirir ki, bu günlərdə sizə, Azərbaycan radiosuna ərəb dili üçün bir diktor göndəriləcək. Daha sonra həmin diktoru Axundovla tanış edir. Axundov ərəb gözlədiyi halda onunla təmiz azərbaycanca danışan birini görəndə çox sevinir. Elə sabahısı gün onu Bakıya yollayır. Çünki Sinana Bakıda ehtiyac çox idi. Onu bir gün də gecikdirmək olmazdı.

İraqdakı inqilabdan sonra keçmiş SSRİ-dən qastrola gedib orada konsert verən yeganə müğənni Rəşid Behbudov idi. Yeni qurulan ərəb şöbəsində ərəb dilində ilk verilişdə ondan da müsahibə alıb, hazır mətni oxumaq üçün İraqdan gələcək diktoru gözləyirdilər. Gənc şöbədə o zaman vur-tut 3 nəfər çalışırdı. Dördüncüsü isə yeni gələcək diktor olacaqdı. O zaman Teleradio komitəsində baş redaktor işləyən Muxtar Hacıyevin hava limanında qarşılayıb gətirdiyi adamın bir ərəb olacağına heç kəsin şübhəsi yox idi. Qonaq gələr-gəlməz nitqinə bu sözlərlə başlayır:

“Bəyim, mən Sinan Səidəm, mən də sizin kimi türkəm. Bizə orada inqilabdan sonra türkman deyirlər. Amma əslində mən Kərkük türküyəm, bununla da fəxr edirəm”.

Matı-qutu quruyan Muxtar Hacıyev yanındakılara dönərək (onlardan biri mərhum Nahid Hacızadə idi) “əşi, bu da elə öz azərbaycanlımızdır ki” deyir. Sinan Səidin Bakı macəraları belə başlayır.



Qərib qardaş

Azərbaycan radiosunda ilk dəfə “Hünə Bakı” yəni, “Danışır Bakı” deyən Sinan Səidin ruhu-qanı bildiyi Azərbaycanla bağlılığı məhz o sözlərdən başlayır. Komitə əvvəlcə ona “İnturist”də bir otaq ayırır. Daha sonra Sinan Səid üçün ikiotaqlı ev alırlar. Kərküklü soydaşımızın Azərbaycan sevdası həm də bununla əlaqəli idi. Çünki qardaş ölkə ona yaxşı şərait, yüksək əmək haqqı verməklə yanaşı, ali təhsillə təmin etmişdi. Hələ bu nədir ki!

Sinan Səid 1970-ci ildə Bakı radiosunda fəaliyyətinə xitam verib Bağdada elmlər namizədi kimi qayıdır. Təsəvvür edin, 1958-ci ildə Bakıya orta təhsilli bir diktor kimi gələn Sinan 1970-ci ildə bu şəhəri elmlər namizədi elmi dərəcəsi ilə tərk edir. O, Bakıya gələndən sonra əvvəlcə Pedoqoji Texnikumda, ardınca isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alır. Akademik Həmid Araslının köməyi ilə orta əsr ərəb dilli filologiyası istiqamətində elmlər namizədliyini müdafiə edir.

Məşhur mahnı necə yarandı?

Kərküklü diktorla bir yerdə çalışan və onunla demək olar ki, ən yaxın sirdaş olan yazıçı-jurnalist, təəssüf ki, elə iki gün öncə dünyasını dəyişən Nahid Hacızadə öz xatirələrində həm dostu, həm də onun ifasının yaranması tarixçəsi haqqında çox maraqlı məqamlar var:

“Ərəb redaksiyasında çalışanlar tərcüməçi Əhməd Yusifi, diktor Sinan Səid, bir də mən idim. Baş-başa verib işləyirdik. Məni də ştata keçirdilər. Kefim kök, damağım çağ işləyirdim. Kirayə ev də tutmuşdum. Heç nəyə ehtiyacım yox idi. Əmək haqqı, qonorar, bir də əlaçılıq təqaüdü. Yaşamaq üçün daha nə lazım idi?!

Sinan Səid də yüksək əmək haqqı alır, həftəlik "Ərəbin gözü ilə" verilişini yazır, “Xəbərlər”in türk dilində variantından tərcümələr edir, həm də bədii verilişlər oxuyanda ayrıca qonorar alırdı.

Ona ikiotaqlı mənzil də vermişdilər. “İnturist”dən öz evinə köçmüşdü. “Volqa” maşını alması da onu çox sevindirirdi.

Baş redaktorumuz dönə-dönə tapşırmışdı: “Sinan Səidi gözdən qoyma. Qəribdir, ondan ayrılma. Hər axşam ona baş çək. İstəsən, onunla da qala bilərsən. Subay adamsan. İkiniz də darıxmazsınız”.

Axşamlar Sinan Səid nəsə biş-düş edir, çay qoyurdu. Bu zaman o, dodaqaltı şirin, bir az da qəmli mahnılar oxuyurdu. Bir mahnısını qulağım aldı: “ Ninni, yavrum, ninni”. O, mahnını qurtarmamış yalvardım:

- Sinan, qadam alım, bir də oxu!

Bir dəfə də ona dedim:

- Sinan, gəl bu mahnını lentə yazdır, efirdə səslənsin. Biz ölüb gedəcəyik, qoy mahnı yadigar qalsın, yaşasın.

Sinan Səid tutuldu:

- Bəyim, sən nə danışırsan? Mən diktoram, gülərlər mənə. Sən bir görəydin, eşidəydin, Bağdadda, Kərkükdə bu mahnını necə oxuyurlar? Onlardan sonra mənim oxumağım gülünc görünər.

- Görünməz, əfəndim, görünməz. Özün də görərsən ki, sənin ifan hamının ürəyini tərpədər.

Sinan Səid gülümsədi:

- Bəyim, bəlkə də belə oldu. Sən mənə bir müğənni qadın tap. Biz duet oxuyaq. Onda başqa cür səslənər bu mahnı.

Mən çox adlar çəkdim: Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Flora Kərimova… Daha kimlər, kimlər…

Sinan Səid də bu müğənniləri tanıyırdı. Ancaq heç biri ürəyindən xəbər vermədi.

Bir gün haradansa gəlirdik. Radiostudiyada xor ansanblının konserti məşq olunurdu. Solist Nərminə Məmmədova idi. Sinan Səid mənim qolumdan tutdu.

- Tapdım, tapdım. Bu xanım oxuya bilər "Ninni yavrum"u. Özü də yaxşı oxuyar.

Mən Nərminə xanımı Sinan Səidlə tanış elədim. Çox sevinsə də, oxumağa razılıq vermədi:

- Mən bu ləhcə ilə, belə şirin oxuya bilmərəm, - dedi.

Ancaq birtəhər saqqızını oğurladıq. Məşqlər başlandı. Sinan Səid də, Nərminə xanım da məşqlərə ürəkdən girişmişdilər. Nəhayət ki, bir neçə mahnı hazır oldu.

Sinan Səid dedi:

- Bunları Kərkük xoyratları, daha doğrusu, Kərkük-İraq mahnıları adı ilə verək. Qoy elə bu adla da yaşasın “Kərkük-İraq mahnıları”.

Bundan sonra Azərbaycanda insanlar Sinan Səidi daha çox sevməyə başladılar. Onun ifa etdiyi “Evlərinin önü yonca”, “Axşam olur”, “Sevdi yar” mahnıları Azərbaycan dinləyiciləri üçün tamamilə yeni bir tərz idi. Qeyri-peşəkar olmasına baxmayaraq, Sinan Səidin bu ifalarında kərküklərin faciəsi, yurd, qardaş həsrəti qabarıq əks olunurdu. İnsanlar sanki bu həsrətin özünə qulaq asırdılar: “Səni alım, hara qaçım, ninnə, yavrum ninnə” ilk dəfə sanki orijinal bir hisdən çıxaraq ruhlara qonaq gedirdi”.



“Axı o kimdi?”

Bəli, 1960-cı illərdə, yəni yuxarıda haqqında danışdığımız mahnı və ondan sonrakı üç nəğmənin yarandığı zamanda bütün Bakı bir-birinə, televiziya işçilərinə, tanış-bilişə bu sualı verirdi: “Həmin səsin sahibi kimdi?! Hamı həm qeyri-adi, həm də Azərbaycan şivəsinə çox şirin gələn tembr sahibinin kimliyi ilə maraqlanır, dövlət televiziyasına, radiosuna qalaq-qalaq məktublar yazırdılar. Bəzən, hansısa məkanda sırf bu mahnının xatirinə konsert proqramları qurulurdu. Artıq hamı bu ifanın sehrinə düşmüşdü - həm Kərkükdə, həm də Azərbaycanda…

Kərkükdəkilər Nərminə Məmmədovanın, buradakılar isə Sinan Səidin səsində qan qardaşlarının isti doğmalığını görürdülər. Burada mərhum xanım müğənnimiz Nərminə Məmmədovanın da xidmətini xüsusilə demək lazımdır. Qeyri-peşəkar müğənni olan Sinan Səidlə çox çalışdı. Kərkük şivəsini öyrənmək üçün çox vuruşdu və elə o cür də oxudu. Hacı Xanməmmədovun evində edilən məşqlər sonradan onların hər ikisini sevdirdi. Artıq Türkiyə də bu sevgiyə ortaq olmuşdu. Bir-birindən ayrı düşən iki qardaşı birləşdirən bu mahnılara bir böyük qardaş kimi o da öz sayğısını göstərdi…

Amma Sinan Səid Bakını tərk edənə qədər bu sual yenə də səslənməyə başladı - Axı o kim idi?

Biz də deyək, o kim idi - Sinan Səid 1970-ci ildən sonra daha heç vaxt oxumadı. Ömrünü elmə bağladı. Bağdad Universitetində tez bir zamanda dekan vəzifəsinə keçirildi və araşdırmalarla yanaşı, tərcümələr də etdi. Xeyli sayda şərqşünaslar yetişdirdi. Onların arasında Azərbaycan şərqşünaslıq elminin inkişafının əsasını qoyan alimlər də var. Sinan Azərbaycana borcunu məhz bu cür qaytarmışdı. Bir də tərcümələrlə Bakıya olan sevgisini göstərməyə çalışırdı.

Bakıdan ona sonsuz sevgilər, əsrarəngiz 4 musiqi parçası ilə bərabər, gözəl ailə də qaldı. 1962-ci ildə Rahidə adlı bakılı xanımla evləndi. Ümid və Emel adlı iki övladları elə Bakıda dünyaya gəldilər.

1970-ci ildə isə Bağdada getdilər…

http://modern.az/uploads/sinann444164968.jpg

Son söz əvəzi... yaxud bitməyən Bakı həsrəti

Sinan Səid 1970-ci ildə Bağdada hörmətli bir adam kimi qayıtdı. Qayıdan kimi Bağdad radiosunda çalışmaqla yanaşı, universitetin Jurnalistika fakültəsində də dərs dedi. Azərbaycan, Türkiyə və başqa türk ellərindən Bağdada gedənlər mütləq diktorun qonağı olurdu. O da hər dəfə böyük eşqlə gəncliyinin paytaxtı olan Bakıdan danışırdı. Bakıdan gələnlərdən maraqlı xahişi də olurdu. Sinan Səidlə görüşən qələm adamı Hafiz Nağıoğlu barədə öz xatirələrində yazır:

“Sinan Səid ədəbiyyat həvəskarı idi, rəssam idi. Hər şeydən əvvəl isə Azərbaycana vurğun idi o. Azərbaycan ədəbiyyatı nümunələrini ərəb dilinə çevirən ilk tərcüməçi olub. Onun Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın və onlarla digər şairlərin şeirlərindən tərcümələri 1963-cü ildə çapdan çıxmış "Dost ellər" almanaxında toplanmışdı. O zaman "Ədəbiyyat və incəsənət" qəzetinin ("Ədəbiyyat qəzeti"nin) elə bir sayı yox idi ki, Sinan Səid onu oxumasın, qəzet səhifələrindəki bir sıra yazıları tərcümə edib efir vasitəsilə ərəb dünyasına çatdırmasın. Məhz Sinan Səidin təşəbbüsü ilə Beynəlxalq Radionun ərəb şöbəsində hər həftə "Ədəbiyyat və incəsənət" qəzetinin xülasəsi efirdə səslənirdi.

1970-ci ildə Sinan Səid Bakıda öz işinə xitam verib vətənə - İraqa qayıtdı. Tale elə gətirdi ki, həmin il mən də İraqa işləməyə getdim və üç il İraqda Sinan Səidlə bir şəhərdə - Bağdadda yaşamalı oldum. Onunla tez-tez görüşürdüm. Hər dəfə də Sinan Səidin evi qonaq-qaralı olurdu. Kərküklü dostları, qohumları Bağdada gələndə onu görməmiş geri dönməzdilər. Çox maraqlıdır ki, Sinana qonaq olanların əksəriyyəti ədəbiyyat, incəsənət həvəskarı idi. Hər dəfə Azərbaycan ədəbiyyatından, incəsənətindən şöhbət düşərdi. Sinan Səid Azərbaycan şairlərinin, yazıçılarının əsərlərindən parçalar oxuyar, "Ədəbiyyat və incəsənət" qəzetinin artıq saralmış səhifələrini vərəqləyərdi.

1973-cü ilin noyabrında İraqa üç illik səfərim sona yetdi. Vətənə dönməzdən iki gün qabaq Sinan Səidlə görüşdüm, onunla birlikdə bir daha Bağdadın küçələrini gəzdik, Dəclə çayı sahilinə çatanda Sinan Səid cibindən dəmir pul çıxarıb mənə uzatdı. Qeyri-ixtiyari pulu aldım, amma nə edəcəyimi bilmədim və sual dolu baxışlarımı ona zillədim. Arif adam idi Sinan müəllim, sual dolu baxışlarıma aydınlıq gətirdi və dedi:

- Dəclə çayına pul atan hər kəs ikinci dəfə də mütləq Bağdada gələr.

Mən dəmir pulu ehmalca suya atdım, çünki bu gözəl şəhərə yenidən qayıtmaq mənim də arzum idi.

- Hə, Sinan müəllim, yenidən Bağdada gəlmək, sizinlə bir yerdə olmaq, düzünü deyim ki, mənim ən böyük arzumdur, - dedim.

Sinan Səid ucaboylu idi, ikiqat əyilib üzümdən öpdü, hiss etdim ki, bir qədər də kövrəlib. Səsi tutulmuşdu, gözləri yaşarmışdı.

- Mən də istəyirəm ki, gələsən, sən yanımda olanda elə bilirəm Bakıdayam, Azərbaycanda keçirdiyim xoş illəri xatırlayıram. Səndən xahişim odur ki, gələndə yeni nəşr olunmuş kitablardan, imkanın olsa bir neçə nüsxə də "Ədəbiyyat və incəsənət" qəzetindən gətirərsən.

Bu təsadüf idi, ya həyatın qanunu, - deyə bilmərəm, - onu deyə bilərəm ki, bir neçə ildən sonra mən yenidən Bağdada uzunmüddətli ezamiyyətə getdim. Amma artıq Bağdad Sinan Səidsiz idi. O, dünyasını dəyişmişdi. Həyat yoldaşı, uşaqlar isə Türkiyəyə köçüb getmişdilər. Sonralar Bağdadda bir neçə dəfə də oldum. Hər dəfə Bağdadın küçələrini gəzərkən, bu şəhəri ikiyə bölən Dəclə çayı sahillərindən keçərkən Sinan Səidi, Bağdada qayıtmaq üçün bu çaya pul atmağı mənə tövsiyə etmiş əziz dostumu - Azərbaycan ədəbiyyatının, incəsənətinin, bu gün 75 yaşını qeyd etməyə hazırlaşdığımız "Ədəbiyyat qəzeti"nin fəal oxucularından və mən deyərdim ki, İraqda bu qəzetin təbliğatçılarından biri olan Sinan Səidi xatırlayırdım”.



Femida.az

Açar sözlər: Ədəbiyyat   Bakı   Sinan-Səid   femida.az  

Oxunub: 3795