Bakının mərkəzində CANLI TƏHLÜKƏ: Sahibsiz itlər


01:51     24 Yanvar 2018 18_01_22_1516623883.jpg

Paytaxtımızın mərkəzində sahibsiz itlər görmək adi hala çevrilib, xüsusilə də şəhər ətrafı qəsəbələrdə. Bundan ən çox narahat olan isə valideynlərdir. Baş verən xoşagəlməz hadisələrdən belə məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir. Ən təhlükəlisi də hücum edən itin quduz olmasıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınarsa, ciddi müalicə olunmazsa, ölümlə nəticələnir. Necə ki, 2016-cı ildə Salyanda 10 yaşlı uşaq it dişləməsindən quduzlaşıb, ölmüşdü.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, Onlardan da 13 mini it dişləməsi olub.

Qanun nə deyir?

Nazirlər Kabinetinin qərarına əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Sahibsiz heyvanlar insanlara problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir.



Ev heyvanlarının sayının planlaşdırılmamış artımı sterilləşdirilmə (axtalama) vasitəsilə azaldılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər. Müxtəlif səbəblərdən ölmüş heyvanların cəsədlərinin məhv edilməsi baytarlıq nəzarətində olan heyvan qəbiristanlığında, yaxud mərkəzləşdirilmiş util zavodunda aparılır. Ev heyvanlarının əzab çəkməsinə son qoymaq məqsədi ilə onlar məhv edilə bilərlər.

Sahibsiz itlərin çoxalmasının səbəbləri

İtlər 6 aydan bir 7-8 bala verir. Bundan başqa sahibsiz heyvanları Bakının mərkəz küçələrinədək gətirən səbəblər də var. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır.
Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında siçovul, it, pişik kimi heyvanlara rast gəlinir.



“Quduzlaşma aşkar edilsə, itlər məhv edilirlər”

Sahibsiz heyvanlarla mübarizə işini Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi həyata keçirir. İdarənin rəisi Əhməd Məmmədov femida.az-a açıqlamasında sahibsiz heyvanlara qarşı mübarizənin güllələnmə olmadan, yəni humanist prinsiplərlə həyata keçirildiyini bildirib:



“Hər gün quruma sahibsiz itlərlə bağlı şikayətlər daxil olur. Bu şikayətlər daha çox Binəqədi, Sabunçu, Suraxanı, Yasamal, Xətai, Qaradağ rayonlarının ərazilərindən gəlir. Bizim əməkdaşlar da əraziyə edib itləri tutur. Sonra tutulan heyvanlar idarənin həyətinə gətirilir. Quduzluğa qarşı iynə vurulur, axtalanır, qısırlaşdırılır. Daha sonra qulaqlarına birka bağlanır. Bakı şəhərindəki itlərin 50 faizi birkalanıb. Bu işdə bizə İDEA qeyri-hökumət təşkilatı da kömək edir.
İdarə tərəfindən ay ərzində təxminən 700-800 sahibsiz it götürülərək yoxlanılır. İtlər xüsusi ləvazimatlar vasitəsilə götürülür, heç bir işgəncə verilmədən - döyülmədən, öldürülmədən sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan əraziyə gətirilir. Baytar həkimlər tərəfindən müayinə edilir. Əgər itlərdə insanlar üçün təhlükəli xəstəlik, quduzlaşma aşkar edilərsə, onlar məhv edilərək yandırılır”.
Məmmədov bu prosesin sonu olmadığını, daim təkrarlandığını bildirdi:

“Bir dişi it 7 ildə 37 bala verir. Odur ki, bu prosesin sonu yoxdur, yəni itlər törəyib çoxaldıqca, biz də insanların təhlükəsizliyi üçün onların zərərsizləşdirilməsinə davam edirik. Biz şəhərdən itləri toplayıb, karantin müddətində bazada saxlayırıq. Bazada itlərin daimi qalması mümkünsüzdür. Eyni anda bazada 150-200 arasında it olur. Həkimlərimiz həmin müddətdə itlərə quduzluğa qarşı iynə vurub, vaksinlərini verir. Daha sonra isə itləri şəhər ətrafı ərazilərə buraxırıq”.

“28 may” metrosunun yaxınlığında, köhnə “Qarabağ” mehmanxanası deyilən ərazidə yaşayan sakinlərdən Gülər Qasımova itlərin onlar üçün real təhlükə olduğunu deyir:

“Burda yaşıllıq ərazi var, dovğa bişirmək üçün həmin göyərtilərdən yığmaq istəyirdim. Elə təzəcə yığmağa başlamışdım ki, bir də gördüm 3 dənə it üstümə hücum çəkdi. Qorxudan qışqırdım. Daha sonra yaxınlıqdan keçən bir oğlan köməyə gəldi. İtlərə daş atdı, mən qaçdım. Bir dəfə də burada içkili bir kişi yıxılıb yatdığı yerdə itlər ona hücum çəkib dişləmişdi. Səhər sübh çağı uşaqlar məktəbə gedəndə də qorxa-qorxa gedirlər”.

DİQQƏT!

Görünən odur ki, sahibsiz itləri ictimai həyatdan birdəfəlik silmək mümkün deyil. Başqa sözlə heç kim küçədə sahibsiz itlərin hücumundan sığortalanmayıb. Xüsusilə sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdə, qaranlıq dalanlarda gedərkən ehtiyatlı olmaq, uşaqları isə ümumiyyətlə belə yerlərdə tək buraxmamaq lazımdır. Bununla yanaşı, vətəndaşlar itlərin götürülməsi ilə bağlı günün 24 saatı 012 565 09 26 /27 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Müxbir: Amin Nəzərli
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

Femida.az

Açar sözlər: itlər   it   quduzluq   Bakı   sahibsiz   heyvan   femida.az  

Oxunub: 6022