Şamaxıda torpaq sürüşməsi - Evlərdə iri çatlar əmələ gəlib
22:54 22 Yanvar 2018
Son bir ayda Şamaxıya yağan qar və yağışdan sonra aktivləşən torpaq sürüşməsi nəticəsində rayonun Quşçu kəndindəki evlərdə çatlar əmələ gəlib.
Kənddə torpaq sürüşməsi hər gün davam edir və dağdan axıb gələn torpaq kütləsi evlərə doğru hərəkət edir.
Bu günlərdə 8 hektar torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxıb. Sürüşmə qısa vaxtda pay torpaqlarındakı əkin sahələri ilə yanaşı həyətyanı əraziləri və tikililəri əhatə edib. Sürüşmə sahəsinin eni 1500 metr, uzunluğu 180 metrdir. Yarğanların dərinliyi 2 metrə çatır.
Sürüşmə zamanı həyətyanı sahələrin hasarları, meyvə ağacları, əkin sahələri torpağın altında qalıb, evlərə və yardımçı tikililərə ziyan dəyib. Son günlər Quşçu kəndində 10 evin divarında iri çatlar əmələ gəlib. Həmçinin 300 evi içməli su ilə təmin edən bulağın torpaq altında qalma təhlükəsi yaranıb. Bulağa aparan avtomobil yolu torpaq sürüşməsi nəticəsində bağlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndələri sürüşmə zonasına baxış keçiriblər, sakinlərlə görüşüblər. Mütəxəssislər sürüşmə sahəsində monitorinq aparıblar.
Şamaxı rayon İcra Hakimiyyətindən bildiriblər ki, indiyədək rayon mərkəzində, eləcə də 7 kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəyib.
Qeyd edək ki, torpaq sürüşməsi Şamaxı şəhərində, eləcə də rayonun Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd kəndlərdə daha çox müşahidə olunur.(APA)
Femida.az
Oxunub: 981
Oxşar xəbərlər
- Nepalda daşqın və torpaq sürüşmələrində 88 insan ölüb, 30 nəfər itkin düşüb
- Qubada torpaq sürüşməsi baş verib, 10 ailə köçürülüb
- Astarada torpaq sürüşməsi baş verib
- FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat yaydı
- Badamdarda sürüşmə davam edir
- Bakıda sürüşmə baş verib, evlərə ziyan dəyib - VİDEO
- Mingəçevirdə məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə olub
- Badamdar yamacında sürüşmənin qarşısını almaq üçün tədbirlərə başlanıb
- Badamdarda sürüşmənin qarşısını almaq üçün layihənin icrasına başlanılıb
- Azərbaycanda torpaq sürüşməsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb