İşdən çıxan şəxsə əmək kitabçası nə vaxt verilməlidir? - Hüquqi yardım


00:06     25 Yanvar 2018 18_01_24_1516782641.jpg

“Ötən həftə səhhətimlə bağlı işdən azad olunma barədə ərizə yazdım. Bugün işdən azad olundum. Amma əmək kitabçamı vermədilər. Dedilər ki, özümüz deyəndə gəlib götürərsən. Bu nə qədər qanunidir? Kitabçanı tələb edə bilərəmmi?"

Oxucularımızdan biri - Rövşən Quliyev redaksiyamıza belə bir müraciət ünvanlayıb. Hüquq yüklü xəbər portalı olaraq Femida.az məsələni araşdırıb və vətəndaşın müraciətinə hüquqşünas vasitəsilə aydınlıq gətirib.

Hüquqşünas Pərvanə Dəmirovanın sözlərinə görə, əmək Məcəlləsinə əsasən, işdən azad olunduğunuz gün son haqq hesabınız, işdən azad olunmağınız barədə əmrin surəti və əmək kitabçası sizə verilməlidir:

“Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir”.

Ərizədə tarixi göstərməsəniz…

Hüquqşünas deyib ki, işdən azad olunmaq barədə ərizə yazarkən tarixi göstərmək mütləqdir:

“Siz işdən azad olunmağınız haqqında ərizənizdə işdən azad olunmaq istədiyiniz günün tarixini göstərmisinizsə, Əmək Məcəlləsinin 69.3-cü maddəsiylə sizi işdən azad edib, sonuncu iş günü sənədlərinizi o cümlədən əmək kitabçanızı sizə qaytarmalıdırlar. Əgər ərizənizdə işdən azad olunmağınız haqqında tarixi göstərməsəniz, 1 ay gözləməli olacaqsız. Həmin bir ay ərzində siz işə, növbəyə çıxmalısınız. İşə çıxmasanız, işə götürən Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edib, sizi işdən azad edə bilər”.

Qeyd edək ki, başqa bir işə düzəlmək istəsəniz və əmək kitabçanızın keçmiş iş yerinizdə qalması buna maneə törətsə əmək kitabçanızı əsassız şəkildə saxlayan müəssisəyə qarşı kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiz.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #əmək   #kitabçası   #iş   #hüquq   #məcəllə   #femida.az  

Oxunub: 7844