Axtarış prosesində şəxsin soyundurulmasını videoya çəkmək OLARMI?


16:39     24 Yanvar 2018 18_01_24_1516783206.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfə təqdim edəcəyimiz mövzu səlahiyyətli şəxslərin mənzildə axtarış aparması qaydası ilə bağlıdır. Mövzu ilə bağlı Femida.az -ın suallarını cavablandıran vəkil Sadiq Əfəndiyev bildirib ki, vətəndaşa məxsus mənzildə axtarış aparılması üçün ilk növbədə hüquqi əsas olmalıdır. Hüquqi əsas isə məhkəmənin qərarıdır. Bunun üçün işi aparan müstəntiq prokurorluğa vəsatət verməlidir. Həmin vəsatət əsasında məhkəmə axtarış barədə qərar qəbul etməlidir. Axtarış, həmçinin axtarışda olan şəxslərin, habelə heyvanların, insan meyitlərinin və ya heyvan cəsədlərinin aşkar edilməsi məqsədi ilə aparıla bilər. Toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər.





“Amma ola bilər ki, mənzildə hər hansı bir şübhəli şəxs gizlənib.Bu zaman müstəntiq axtarış aparılması üçün qərar qəbul edə bilər. Bu haqda prokurora və məhkəməyə məlumat verməlidir deyə”, vəkil bildirib.

Axtarış və ya götürmənin aparılması haqqında qərarda aşağıdakılar göstərilməlidir:

qərarın çıxarıldığı tarix, vaxt və yer;
qərarı çıxarmış şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;
axtarış və ya götürmənin aparılması üçün əsas olmuş obyektiv hallar və motivlərin əsaslandırılması;
axtarışın və ya götürmənin aparılacağı şəxsin soyadı, adı və atasının adı;
axtarış və ya götürmənin aparılacağı konkret yer (yaşayış, xidməti, istehsalat binası, ünvanı və ya yerləşdiyi yer);
götürmə haqqında qərar qəbul edildikdə, həmçinin götürülməli olan əşya və sənədlər.


Mənzildə axtarış aparılan zaman şübhəli əşya, yaxud şəxs tapılmazsa, bu hüquq pozuntusu hesab olunurmu?

Vəkilin sözlərinə görə, mənzilə daxil olmaq üçün hüquqi əsas varsa,burada heç bir hüquq pozuntusu yoxdur.

Bəs məhkəmənin qərarı olmadan mənzilə hansı halda daxil olmaq olar?

Şəxs özü könüllü şəkildə mənzildə axtarış aparılmasına icazə barədə rəsmi qaydada ərizə verdikdə və ya protokolda könüllü şəkildə axtarışa icazə verdiyini qeyd etdikdə məhkəmə qərarı olmadan mənzilə daxil olmaq olar. Əks halda şəxsin mənzilinə məhkəmənin qərarı olmadan daxil olmaq qanun pozuntusudur.


Axtarış zamanı mənzil sahibinə zərər dəyirsə, bunu kim ödəməlidir?


Vəkilin sözlərinə görə, bir qayda olaraq axtarış zamanı vətəndaşın əmlakına zərər dəyməməlidir. Şəxsin əmlakına, yaxud mülkünə axtarış prosesində hər hansı bir zərər dəyərsə, onun məhkəməyə müraciət etmək hüququ var.

Axtarış və ya götürmənin aparılması qaydası necə tənzimlənir?

Axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. Müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Müstəntiq axtarış və ya götürmə faktlarının, habelə onların nəticələrinin və barəsində axtarış aparılan şəxsin şəxsi həyatının hallarının yayılmaması üçün tədbirlər görməlidir.


Axtarış və ya götürmənin aparılması zamanı aşağıdakılar qadağan edilir:


- Qapıların, qıfılların, digər əşyaların lüzumsuz olaraq zədələnməsi və binada qaydanın pozulması;
- kimyəvi və psixotrop maddələrin, habelə insanın səhhətinə və ətraf mühitə ziyan vura biləcək texniki vasitələrin və ya qurğuların istifadə edilməsi.

Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər:


- şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə;
- təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə;
- axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda.



Təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər:



- şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini;

- şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini;[305]

- yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını;

- yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu.


Şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Məhkəmə   #Polis   #Axtarış   #Qanun   #Vəkil   #Femida.az   #Müstəntiq   #Cinayət   #Məcəllə    

Oxunub: 5519