Bıçaqla zarafat edənlərin aqibəti - ARAŞDIRMA


21:40     07 May 2015 knife-crime-article-804973081.jpg

Nəyə görə insanlar cinayət törədərkən bıçağa daha çox meyl edirlər?


Son dövrlər baş verən cinayət aktlarını araşdırdıqda məlum olur ki, bu cinayətlərin böyük bir qismi bıçaqla törədilib. Bıçaqla törədilən cinayətlərin əsas subyektləri sözsüz ki, yetkinlik yaşına çatmayanlardır. Yeniyetmələr, xüsusilə məktəblilər arasında soyuq silahla baş verən cinayət hadisələrinin sayında artım müşahidə edilir. Hətta hadisələr zamanı bir neçə məktəbli bıçaqlanaraq qətlə yetirilib. Təbii ki, əvvəlki illərə nisbətən mövcud şəraitdə bu cür cinayət hadisələrinin məktəblilər arasında artması narahatlıq doğurur.

Femida.az bu sualı psixoloq Lalə Əhmədovaya ünvanladı. Onun fikrincə bıçaq daha rahat əldə olunduğu üçün insanlar cinayət törədən zaman bu vasitədən istifadə edirlər.

“Soyuq silah əldə olunması o qədər də çətin bir proses deyil. Bu silah mətbəxdə də ola bilər, mağazadan da rahat əldə etmək olar. Lakin son zamanlarda bu tendensiya daha çox yeniyetmələrdə müşahidə olunur. Bunun səbəbi yeniyetmələrin düzgün istiqamətləndirilməməsindədir. Bəzi filmlər, kompüter oyunları var ki, yetkinlik yaşına çatmayanlar üçün böyük bir təhlükədir. Onlar filmlərdə gördüyü səhnələrin həyatda da çox asan bir şey olduğunu düşünürlər. Bu cinayətlərə daha çox affekt halında rast gəlinir. Affekt hal 3-5 saniyə ərzində beyində kontrolun itməsidir”.

Femida mövzu ilə bağlı psixoloq Günel Aslanovanın da fikirlərini öyrənib. Psixoloq bıçaqla törədilən cinayətlərin sayının artmasından və prosesin daha çox yeniyetmələr arasında baş verməsindən danışdı.

“Niyə bıçaqdan istifadə edilir? Bu elə bir silah növüdür ki, öldürmək üçün daha əlçatan vasitədir. Odlu silah hamı üçün əlçatan silah deyil. Hamı bu silaha sahib ola bilmir. Yeniyetmələr bu silahı çox asan əldə edirlər. Mətbəxdən bıçağı götürüb cibində gəzdirmək, onu məktəbə aparmaq yeniyetmələr üçün o qədər də çətin məsələ deyil. Bu kimi hadisələrin qarşısın almaq üçün onlar üzərində nəzarət mexanizmi formalaşmalıdır. Burada başqa bir psixolojiməqam da vardır. Bu anti-sosial şəxsiyyət pozuntusudur. Anti-sosial şəxsiyyət pozuntusuna malik yeniyetmələr daha çox risk qrupuna daxildir. Hazırda orta məktəblərdə psixoloji tərbiyə yüksək səviyyədə olmadığı üçün hazırda yeniyetmələr arasında cinayətlərin sayı artmaqdadır.”

Məsələ ilə bağlı hüquqi izah əldə etmək üçün Femida.az hüquqşünas Ruslan Vəliyev həmsöhbət olub:

“Cinayət törətmək üçün əldə olunması ən rahat silah sözsüz ki, bıçaqdır. Digər ölkələrdə odlu silahın daşınmasına, gəzdirilməsinə icazə verilir, lakin Azərbaycanda belə bir icazə yoxdur. Buna görə də ölkəmizdə insanlar cinayət törədərkən daha çox soyuq silahlardan istifadə edirlər. Lakin cinayətin törədilməsinin səbəbi araşdırılmalıdır. Yəni insanlar nəyə görə bu yola əl atırlar? Hesab edirəm ki, bu kimi cinayətlərin qarsısını almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bu hallarla bağlı Azərbaycan qanunvericiliyində kifayət qədər sərt sanksiyalar müəyyən olunub.
Hesab edirəm ki, Kütləvi İnformasiya Vasitələrinin üzərinə böyük yük düşür. Bu cür hadisələrə qarşı ictimai qınaq formalaşmalıdır. Gündüz saatlarında televiziyada qətl hadisələri ilə bağlı proqramları nümayişinə məhdudiyyət qoyulmalıdır, çünki həmin proqramların həyatda çox vaxt əks təsirləri olur.”


Yeniyetmələr şüursuz cinayətlər törədir, cəmiyyətə zərər vurmaqla yanaşı, öz gələcəklərin də sual altında qoyurlar. Yeniyetmələr arasında şüursuz şəkildə bıçaqla törədilən cinayətlər son dövrlər daha da artmışdır. Ötən ay Bakıdakı orta məktəblərin birində şagirdlər arasında bıçaqlaşma hadisəsi buna sübutdur. İki məktəbli arasında “watsapp” da başlanan mübahisə sonunda qan tökülməsi ilə bitmişdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1043