Aygünün qardaşının məhkəməsindən - " Vərəm xəstəsidir "


17:30     25 Yanvar 2018 aygun%20beyler.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Abbas Hümbətov, Fuad Məmmədzadə, Elmur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi iclasda kommission ekspertizanın rəyi açıqlanıb. Hakim qeyd edib ki, F. Məmmədzadədə vərəm xəstəliyinin olması təsdiqlənib.

Sonra vəkillər müdafiə çıxışı edib.

Prosesdə dövlət ittihamçısı yenidən çıxış edib. O qeyd edib, cinayət hadisəsi 2013-cü ildə baş verdiyi üçün cəza Cinayət Məcəlləsinin o zamankı müddəalarına əsasən, yüngül olmalıdır: "Buna görə təklif edirəm ki, həmin dövrdəki qanun tətbiq olunsun və cəzalar 15 ilə münasibətdə hesablansın".

Prokuror yenidən həmin şəxslərə cəza istəyib. O, çıxışında A.Hümmətovun 14 il 9 ay, F.Məmmədzadənin 15 il, R.Əsirovun 15 il, E.Alxasovun 15 il, E.Əsirovun 14 il 9 ay və C.Alxasovun isə 14 il.6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Proses fevralın 2-də davam etdiriləcək.

Qeyd edək ki, prokuror ötən il sentyabrın 28-də olan çıxışında Abbas Hümbətovun 19 il 6 ay, Ramil Əsirovun 20 il, Fuad Məmmədzadənin 20 il, Elnur Əsirovun 18 il, Elmir Alxazovun 20 il, Cavid Alxazovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin 2016-cı il avqustun 29-da yaydığı məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümbətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyənləşdirilib. E.Hümbətovun meyiti eksqumasiya edilib. İstintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb.

Cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümbətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümbətov isə əmisi nəvəsidir.

Femida.az

Açar sözlər: #Məhkəmə   #Həbs   #Cinayət  

Oxunub: 1054