İşsizlik müavinətini mənimsəyən idarə işçiləri hakim qarşısında


21:29     26 Yanvar 2018 1398947325_mehkeme.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən sabiq direktoru Sayad Cavadzadənin və mühasibi Arzu Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın "Ölkə.Az"-a istinadən məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, hər iki təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.
İttihama görə, təqsirləndirilən şəxslər işsiz insanların adına ayrılan müavinətləri mənimsəyiblər. Belə ki, onlar Məşğulluq Mərkəzinə müraciət edən vətəndaşlara verilməli olan müavinətin az hissəsini onlara verib, qalanını isə mənimsəyiblər. Onların 60 min manatdan çox pulu mənimsədikləri bildirilib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 308.1. (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər: #məhkəmə   #işsizlik   #əmək   #ƏƏSMN  

Oxunub: 732