Saxta kimliklər müəyyən ediləcək - Yeni layihə
22:33 26 Yanvar 2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) Avropanın tətbiq və proqramlar üzrə ixtisaslaşan ən böyük tədqiqat təşkilatı “Fraunhofer”in reallaşdırdığı “Lightest”-“qlobal etibarlılıq” layihəsinin təqdimatı keçirilib.
NRYTN-dən Femida.az-a verilən məlumata görə, nazirliyin təşəbbüsü ilə təşkil olunan təqdimatda tabeli qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkəmizdə “elektron hökumət” quruculuğu sahəsində aparılan işlər, o cümlədən dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi sahəsində elektron xidmətlərin və elektron imza infrastrukturunun rolu barədə və bu sahəyə dövlətin diqqətindən bəhs edilib.
Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, “Elektron hökumət”, “Elektron imza” kimi layihələrdə Azərbaycanın qazandığı uğurlardan danışılıb və bu sahədə qazanılan təcrübənin digər ölkələr üçün örnək ola biləcəyi diqqətə çatdırılıb. Digər ölkələrin bu sahədəki təcrübəsindən yararlanmaq üçün qabaqcıl ölkələrlə əməkdaşlığın önəmi vurğulanıb. Bu baxımdan “Lightest”- “qlobal etibarlılıq” layihəsinin də əhəmiyyətli ola biləcəyi qeyd edilib.
Daha sonra Almaniyanın Fraunhofer Sənaye Mühəndisliyi üzrə Tədqiqat İnstitutunun doktoru, “Lightest” layihəsinin koordinatoru Heiko Rossnaqel (Heiko Rossnagel) və həmin layihənin beynəlxalq forum rəhbəri Raşel Sellunq (Rachelle Sellung) tərəfindən layihənin təqdimatı keçirilib.
Qlobal layihəyə artan marağı vurğulayan layihə koordinatoru bildirib ki, hazırda “Lightest”in icrasında 9 ölkədən - Avstriya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İspaniya, Niderland, Böyük Britaniya, Türkiyədən 14 tərəfdaş iştirak edir. Qeyd edilib ki, qlobal elektron münasibətlərin qurulmasında əsas vacib məsələlərdən biri qarşı tərəfin dəqiq müəyyən olunmasıdır. “Lightest” də bu prosesdə kimliyi müəyyənləşdirən vasitə - elektron imzanın etibarlılığını, dolayısı ilə də elektron imza təminatçısı Sertifikat Xidmətləri Mərkəzinin etibarlılığını təsdiqləyəcək etimad zəncirini yaradan infrastrukturdur.
“Lightest” layihəsi elektron tranzaksiyalar zamanı saxta kimlikləri müəyyən etməyə kömək edən həll təmin edir. Bu həll müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, Elektron Satınalma, Elektron Ədliyyə, Elektron Səhiyyə və hüquqi sahələrdə “əşyalar interneti” üzrə alətlərin, sensorların təsdiqinin etibarlılığına zəmanət verir.
Təqdimat layihə ətrafında aparılan fikir mübadiləsi və müzakirələrlə yekunlaşıb.
Femida.az
Oxunub: 779
Oxşar xəbərlər
- Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib
- Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- “İstilik təchizatı haqqında” qanun layihəsi hazırlanacaq
- Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib
- Parlament güclü təsir edən maddələri satanların 10 il həbs olunmasına dair layihəni qəbul edib
- Jurnalist vəsiqəsinin formasının ilkin layihəsi artıq hazırlanıb
- "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanacaq
- Azərbaycanla BMT arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib
- “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən həyata keçiriləcək layihənin hazırlıq işləri başa çatıb