Kredit borcu alimentdən tutula bilərmi? - Hüquqi yardım


19:34     29 Yanvar 2018 18_01_29_1517225694.jpg


"Mənim banka 950 manat borcum var idi. Artıq 1 ildir ki, ödəyə bilmirəm, borc 2 qatına çatıb. Banka gedib bildirdim ki, aylıq ödənişi azaldın, yavaş-yavaş ödəyim, razılığa gəlmədilər. İcra şöbəsinə gedib vəziyyətim haqqında məlumat vermişəm. Boşanmışam, öhdəliyimdə azyaşlı uşaq var, aliment alıram. İş məhkəməyə getsə, banka olan borcumu uşağın alimentindən kəsə bilərlər? İkinci sualım məhkəməyə verilsəm, faizləri sildirə bilərəm?"

Nuray Kərimova adlı oxucumuz bu suallarla redaksiyamıza müraciət edib. Məsələyə hüquqşünas vasitəsilə aydınlıq gətirməyə çalışdıq. Hüquqşünas Mehran Əmirli Femida.az-a bildirdi ki, bu cür hallar İcra haqqında qanuna əsasən tənzimlənir:

“Borc tələbinin alimentə yönəldilməsi məsələsi Azərbaycan Respublikasının İcra haqqında Qanununun 68-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, tələb aliment öhdəlikləri üzrə ödənilən məbləğlərə yönəldilə bilməz. Buna görə də, borcun alimentə yönləndirilməsi mümkün deyil. Borc yalnız rəsmi əmək haqqına yönləndirilə bilər və bu yönləndirilmə əmək haqqı məbləğinin 50 faizindən çox ola bilməz.

Faizlər isə kredit müqaviləsinə zidd olaraq hesablanmışsa, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsasında məhkəmə tərəfindən artıq hesablanan məbləğlər silinə bilər. Müqaviləyə uyğun olaraq hesablanmış faizlər silinmir".

Hüquqşünasın sözlərinə görə, cərimə borcları və ya dəbbə pulu məhkəmə tərəfindən azaldıla bilər:

"Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #aliment   #borc   #kredit   #bank   #qadın   #məhkəmə  

Oxunub: 3223