Anası küçəyə atdı, barmaqları kəsildi


15:26     08 May 2015 kuce%20usagi.jpg


Həkimlər azyaşlının həyatını xilas etmək üçün onun barmaqlarını kəsiblər.

Beyləqanda valideynləri tərəfindən küçəyə atılan və donvurma nəticəsində ayaq barmaqlarını itirən 9 yaşlı Mixalil İvanişin Azərbaycan Uşaqlar Birliyinin sığınacaq evinə yerləşdiriləcək.


Femida.az xəbər verir ki, bu barədə birliyin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Rusiyadan Beyləqanın Şahsevən kəndinə köçən ailə tüfeyli həyat sürüb:

“Uşaq dəfələrlə küçələrdə gecələyib, atalığı tərəfindən zorakılığa məruz qalıb. Nəticədə uşağı don vurub, ayaqlarında qanqren başlayıb. Azyaşlının həyatını xilas etmək üçün barmaqları kəsilib. Təsəvvür edin ki, valideynlər xəstəxanaya sərxoş vəziyyətdə gəlib, üstəlik uşağı qorxudublar”.

K.Ağazadə deyir ki, Mixalil küçədə təcavüzə də məruz qalıb. Hazırda polis idarəsi azyaşlının başına gələnləri araşdırır: “Hadisəni polis idarəsi araşdırır. Mixalil ailəsinə geri verilməyəcək”.

K.Ağazadə son günlər azyaşlılara qarşı zorakılığın artmasından narahatlığını bildirdi: “Dünən sığınacağa anası tərəfindən atılmış 2, 3 və 5 yaşlarında üç uşaq gətirilib. Ata dəri xəstəliyi olan ağır sorioz xəstəliyinə yoluxub. Ana isə başqa kişiyə qoşularaq qaçıb. Uşaqlara heç kim sahib çıxmır. Bizi narahat edən məsələlərdən biri də cəmiyyətdə gedən mənəvi aşınmadır. Qadınlardan əxlaqsız, kişilərdən qatil obrazı formalaşdırılır. Natamam ailələrdən çıxan uşaqların sonrakı taleyinə nəzarət etmək imkanı məhduddur”.

Femida.az

Açar sözlər:

Oxunub: 738