İynə və sancaq soyuq silahdırmı? – Hüquqşünas danışır


20:22     29 Yanvar 2018 2018/01/1491033905_cengelli-igneden-bileklik-yapimi-2_1517228500.jpg


Müasir dövrdə cinayətkarların ən çox istifadə etdiyi silah növlərindən biri soyuq silahlardır. Çünki onların əldə olunması və istifadəsi asandır. Soyuq silah dedikdə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət əldə edən əşyalarla məsafədən hədəfi zədələmək təyinatına malik olan silahlar nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, soyuq silahı əldə etmə, satma və ya gəzdirməyə görə - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna təşkil edir.

Soyuq silah dedikdə bir çox insanın ağlına bıçaq gəlir. Bəs görəsən, məişət əşyası sayılan iynə və sancaq da bu qisim silahların sırasına aiddirmi? Femida.az
məsələni araşdırıb. Hüquqşünas Nicat Gözəlov məsələni şərh edərkən bildirib ki, Soyuq silah və soyuq silah qismində olan əşyalar tam ayrı şeylərdir:

“Məsələn, xəncər, beşbarmaq, xüsusi şişlər və s. sırf soyuq silahdır. İynə, sancaq, taxta parçası, qələm, qəndqabı və s. insana zərər yetirə biləcək istənilən bir əşya soyuq silah qismində sayıla bilər. Hər şey ekspertizanın qərarından asılıdır.

Tutaq ki, iki nəfər dalaşır. Biri yerdən taxta parçası götürüb digərinin başına vurursa, avtomatik olaraq həmin taxta soyuq silah qismində istifadə edilmiş əşyaya çevrilir. Əlbəttə ki, yumuşaq bir əşya insana xəsarət yetirə bilməz. Lakin, hansısa şiş uclu, kəsici və ya deşici qüvvəyə malik bir məişət əşyası ilə insan bədəninə xəsarət yetirmək olar. Burada həmin əşya soyuq silah qismində istifadə edilmiş əşya sayılır.

Mətbəx bıçağı gündəklik həyatda çox istifadə olunan əşyalardan biridir. Lakin aqressiv bir anda insan həyatı üçün təhlükəli bir soyuq silah kimi istifadə edilə bilir.

Soyuq silahla xəsarət yetirmə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunur. Bu cür xəsarət yetirmənin cəzası 2ildən 6 ilə qədərdir”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #silah   #iynə   #sancaq   #hüquq   #cinayət  

Oxunub: 2546