İctimai nəqliyyatdan kimə şikayət etməli? – Hüquqi yardım

19:58     03 Fevral 2018 18_01_30_1517297236.jpg

İctimai nəqliyyat həyatımızın ayrılmaz hissəsidir. Demək olar ki, hər birimiz metrodan, avtobusdan, taksidən, eləcə də digər nəqliyyat vasitəslərindən mütəmadi istifadə edirik. Hər gün yüzminlərlə insanın daşındığı bu nəqliyyat vasitələrindən hər hansı narazılığın olmaması isə qeyri-mümkündür. Ya təcrübəsiz sürücü, ya sərxoş sərnişin və ya amansız cibgirlər ictimai gediş zamanı bizi narahat edə bilir. Bəs ictimai nəqliyyatda vətəndaş nədənsə narazı olarsa, şikayətini hara bildirməlidir? Buna hansı qurum nəzarət edir?

Femida.az vətəndaşlara hüquqi yardım layihəsi çərçivəsində məsələni araşdırıb. Hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, ictimai nəqliyyatın növündən və yaranan narazılıqdan asılı olaraq şikayət edilən qurumlar dəyişir:

“Əvvəla baxmaq lazımdır ki, nəqliyyatda vətəndaşın hansı hüquqları pozulub, nədən narzıdır. Elə məsələlər var ki, buna görə Dövlət Yol Polisinə müraciət etmək lazımdır. Hansı ki, bu məsələlər insan həyatı üçün təhlükəli sayılır. Məsələn, sürücü yol hərəkət qaydalarını, sərnişin daşıma qaydalarını pozarsa, bu işə DYP nəzarət edir. Yox əgər, avtobusda gedişlə bağlı narazılıq varsa, bu zaman Bakı Nəqliyyat Agentliyinə müraciət etmək olar. Təbii ki, söhbət paytaxt ərazisində fəaliyyət göstərən avtobuslardan gedir. Məsələn, sürücü dayanacaqda saxlamadısa, oturacaq yoxdursa, kondisioner işləmirsə və s. bu tipli narazılıqlara görə BNA-ya müraciət etmək olar”.

Hüquqşünasın sözlərinə görə, metrodakı hüquq pozuntularına görə, Bakı Metropoliteninin nəzdində fəaliyyət göstərən polis bölməsinə müraciət etmək lazımdır:

“Məsələn kimsə, metroda siqaret çəkirsə, yaxud metroya ev heyvanları ilə girirsə və ya hansısa əşyasını itirirsə, bu halda mütləq Metropoliten polisinə müraciət etmək lazımdır. İstənilən halda polis məsələni araşdırıb vətəndaşın şikayətini təmin etməlidir”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #yardım   #nəqliyyat   #ƏrşadHüseynov   #nəqliyyat   #vətəndaş   #law  

Oxunub: 1642