DTX-nın həbs etdiyi jurnalistlərin işində intim videolar: "Diski orda qırdı..."


15:50     30 Yanvar 2018 1398947325_mehkeme.jpg

"Reket"çilikdə ittiham edilərək DTX tərəfindən həbs edilən şəxslərin məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, işçiləri İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal" qəzetinin baş redaktoru Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib

Sərdar Əhmədov zərəçəkmiş kimi ifadə verərkən deyib ki, heç bir şikayət və tələbi yoxdur.

Bərdə Suvarma Sistemləri İdarəsində çalışdığını deyən Sərdar Əhmədov qeyd edib ki, 3-4 il əvvəl Hikmət Nəcəfli ona zəng edərək qəzetin çapına kömək etməsini istəyib: "Mən də indi yox, sonra kömək edə biləcəyimi dedim. Bir neçə ay sonra işçimiz poçtla pul göndərdi. Birinci dəfə 100 manat, sonra da əlavə pul verdik".

Zərərçəkmiş deyib ki, həmin qəzetdən şantaj xarakterli zənglər də gəlib və barələrində yazı yazılacağı deyilib.

Prokurorun suallarını cavablandıran Sərdar Əhmədov bildirib ki, Surxay Əliyev də ona zəng edib.

Prokuror: "Sizdən nə məqsədlə pul istəyirdilər?".

Zərərçəkmiş: "Zəng edirdilər ki, sizinlə bağlı bizə məlumat daxil olub. Əgər pul versəniz, yazı yazılmayacaq. 1000 manat istəyirdilər. Amma mən də bunu verməyə imkanımın olmadığını dedim. Deyirdilər ki, hansısa sahibkar şikayət edib. Çox zəngdən sonra 100 manat Hikmətə pul vermişəm".

Digər zərərçəkmiş Müşfiq Hüseynov da məhkəmədə bildirib ki, heç bir şikayət və tələbi yoxdur.

O, bur neçə il əvvəl Yadamal Rayon Polis İdarəsində çalışdığını deyib.

"Tağım komandiri olarkən nəşriyyatın ərazisinə biz baxırdıq. Bir gün Hikmət mənə zəng elədi ki, səniblə bağlı video var. Mənim işçim onlarla görüşdü. Danışıb razılaşdılar ki, yazı verilməsin. Sonra qəzetdə yazı çıxdı. Mən nəşriyyata getdim. Surxayla görüşdüm ki, bu nə məsələdir. Ordakı söhbətdə diski qırdılar ki, söhbət bağlandı".

Məhkəmə bu epizodda intim məsələlər olduğu üçün iclasın qapalı keçirilməsinə qərar verib. Jurnalistlər və digər iştirakçılar zaldan çıxarılıb. Zərərçəkmiş qapalı prosesdə ətraflı ifadə verəcək.

İşlə bağlı S.Əliyev 47, H.Nəcəfli 46 epizodda ittiham edilir.

Surxay Əliyev epizodu üzrə 66 min manat, H.Nəcəfli epizodu üzrə 78 min manat, İ.Abbasovanın 7300 manat, M.Abbasov 7500 manat, S.Məmmədsalayeva 20 min manat, G.Əliyevanın epizodu üzrə 3900 manat ziyan dəydiyi bildirilib.

Surxay Əliyev və M. Abbasov özlərini təqsirli bilmədiklərini deyiblər. H.Nəcəfli, S. Məmmədsalayeva, İ.Abbasova qismən təqsirli bildiklərini söyləyiblər.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, haızrda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir./Musavat.com

Femida.az

Açar sözlər: #məhkəmə   #hakim   #jurnalist   #intim   #video   #kriminal  

Oxunub: 1992