Dilqəm Əsgərovun oğlu Ərdoğandan kömək istəyəcək


17:15     30 Yanvar 2018 dilqem91735.jpg

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevdən artıq iki aydan çoxdur ki, məlumat yoxdur.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, Girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından sonuncu dəfə noyabr ayında məktub aldığını deyib.

“Əslində ayda bir dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları girovlara baş çəkməlidir. Əfsuslar olsun ki, sonuncu dəfə atamdan noyabrın 1-də məktub almışam. Onunla əlaqə yarada bilmirəm. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına zəng edib deyirik ki, nəyə görə məktub gətirmirsiniz? Deyirlər ki, məlumat yoxdur, yeni məlumat olanda xəbər verəcəyik. Atamın səhhətindən narahatam. Ümidimizi ona bağlamışıq. Əvəllər bir aydan bir əlaqə yarada bilirdik, indi isə 5 aydan bir görüş olur, ya olmur. 2017-ci ilin mart ayından bu vaxta kimi atamdan cəmi iki dəfə məktub almışam”.

K.Əsgərov atasının azadlığa çıxması üçün Türkiyədə görüşlər keçirəcəyini deyib: “Xocalı soyqırımı ərəfəsində Türkiyəyə gedib, orada görüşlər keçirəcəyəm. İstəyirəm Türkiyə mətbuatının, ictimaiyyətinin diqqətini bu məsələyə yönəldim və prezident Ərdoğandan kömək istəyim”.

Girovluqda olan Şahbaz Quliyevin ailəsi də ondan xəbərsizdir. Girovun qardaşı İlham Quliyevin bildirdiyinə görə, sonuncu dəfə Şahbazdan iki ay əvvəl məktub alıb.

“Şahbazdan xəbərimiz yoxdur. Axrıncı dəfə məktub göndərəndə vəziyyəti çox pis idi”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Femida.az

Açar sözlər: #Kəlbəcər   #Girovlar  

Oxunub: 1248