Artur Rasi-zadə sərəncam verdi - Dövlət büdcəsi ilə bağlı


14:27     01 Fevral 2018 artur.jpg

Baş nazir Artur Rasi-zadə "Büdcə sistemi haqqında" qanunun tətbiq edilməsi barədə" prezidentin 2002-ci il 31 oktyabr tarixli fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, proqnoz göstəricilərinin Azərbaycan prezidentinə vaxtında təqdim edilməsi məqsədilə sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncama əsasən, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2018-ci il sentyabrın 15-dək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2018-ci il sentyabrın 10-dək, həmçinin həmin Qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Dövlət Statistika Komitəsi (DSK) cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2017-ci ilin ilkin statistik məlumatlarını 2018-ci il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir.

DSK növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin, icmal büdcə göstəricilərinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər nazirliklərinə və digər əlaqədar təşkilatlara mütəmadi olaraq təqdim edilməsini təmin etməlidir.

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə 2018-ci il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2018-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Maliyyə Nazirliyi 2019-cu il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2018-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2018-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2018-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2018-ci il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi 2018-ci il dəqiqləşdirilmiş, 2019-cu il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2019-cu il üçün ilkin proqnozlarını 2018-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə dövlət investisiya proqramının layihəsini 2018-ci il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi, eləcə də, 2019-cu il və sonrakı üç il üçün ÜDM-nin həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, ortaaylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2018-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2018-ci il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.

Nazirlik 2019-cu il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial proqnoz göstəricilərinin koordinasiyalı şəkildə hazırlanması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq komissiyanın tərkibinə dair təkliflərini bir ay müddətinə Nazirlər Kabinetinə təqdim etməlidir.

Vergilər Nazirliyinin regional və yerli bölmələri Vergilər Nazirliyinin və Maliyyə Nazirliyinin razılaşdırdığı formalara və cari il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini 2018-ci il iyunun 1-dək Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etməlidirlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təlimat məktubuna uyğun olaraq lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün 2018-ci il iyulun 15-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.

NMR-in Nazirlər Kabineti, dövlət büdcəsindən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin yerli icra hakimiyyətləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ilə birlikdə qanunvericiliklə müdafiə olunan xərclər istisna olmaqla digər xərclər üzrə qənaət rejimi gözlənilməklə növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini hazırlayıb (hər bir Dövlət Proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2018-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısa və ortamüddətli dövrdə hədəfləri, habelə investisiya layihələrinin həmin hədəflərə uyğun əsas istiqamətlərini özündə aydın şəkildə ehtiva edən dövlət maliyyə resurslarının nəticəəsaslı bölgüsünü (sektorlar arası və sektor daxilində), nəticələrə görə məsuliyyət nəzərdə tutan daha təkmil ortamüddətli xərclər çərçivəsinin və nəticəəsaslı büdcə mexanizminin formalaşdırılmasına dair təkliflərini hazılayıb 2018-ci il mart ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir Dövlət Proqramı üzrə xərclərin və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələb olunan vəsaitin məbləği ayrıca göstərilməklə) və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini 2018-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Femida.az

Açar sözlər: #Nazirlər   #Kabineti  

Oxunub: 1126