Neçə yaşa qədər gənc sayılırıq? - RƏSMİ AÇIQLAMA


20:08     02 Fevral 2018 2018/02/genc_1517573703.jpg

Heç bir sənəd, qanun insanın ruhən gənc olmasını məhdudlaşdıra bilməz. Qanunla gənclik yaşının müəyyən edilməsi isə dövlət tərəfindən müəyyən vəzifə və səlahiyyətlərin icra edilməsi üçün aydın kriteriyaların müəyyən edilməsi ehtiyacından yaranır.


Femida.az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev Trend-ə müsahibəsində deyib.

Y.Məmmədəliyev Azərbaycanda gənclik yaşının müəyyən edilməsinin xeyli dərəcədə adaptiv formada həyata keçirildiyini bildirib:

“Dövlətimiz bir çox hallarda gənclər üçün nəzərdə tutulmuş müəyyən güzəştlərin, proqramların daha çox insanı əhatə etməsi üçün gənclik yaşının yuxarı həddini daha da yüksək götürür. Məsələn, xeyli güzəştlərin şamil olunduğu "gənc alim", "gənc ailə" kimi kateqoriyalar müəyyənləşdirilərkən heç də 29 yaş deyil, 35 yaş yuxarı hədd kimi müəyyən edilir.

Hazırda Azərbaycanda mövcud olan qanunla müəyyən edilmiş gənclik dövrü dünyada ən optimal variantlardandır. Burada ölkənin xüsusiyyətləri də nəzərə alınmalıdır. Məsələn, bəzi Cənubi Amerika və ya Afrika ölkələrində gənclik yaşının aşağı həddi 12, bəzən 11 yaşa qədər enir. Bu, həmin ölkələrdə insanların əmək fəaliyyətinə həddən artıq tez başlaması ilə izah oluna bilər. ABŞ-da, Avropanın əksər ölkələrində gənclik yaşı qanunla 14-25 yaş arasında müəyyən edilib. Nəzərə alsaq ki, bu ölkələrin bir çoxunda əhalinin qocalma problemi ciddi məsələ kimi gündəlikdədir, bu zaman bu interval çox dar görünə bilər. Rusiyada təqribən Azərbaycandakı kimi, 14-30 yaş arası vətəndaşlar rəsmən gənc hesab edilir. Bir sözlə, demək istərdim ki, ölkəmizdə qanunla müəyyən edilmiş gənclik yaşı mövcud reallığa tam uyğundur”.

Femida.az

Açar sözlər: #Gənc   #Administrasiya  

Oxunub: 16404