Valideyni ölən şəxs işə gəlməzsə, işdən çıxarıla bilərmi? - Hüquqi yardım


21:33     08 Mart 2018 18_02_05_1517813295.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə mövzumuz işdən icazəsiz qalmaqla bağlıdır. Oxucularımızdan Elvin Zeynalov redaksiyamıza bu cür sual ünvanlayıb:

"İşçinin anası vəfat etdikdə işə gəlməzsə, bu halda əmək müqaviləsinə xitam verilə və ya məzuniyyətə çıxması tələb oluna bilərmi? Ümumiyyətlə, valideyn vəfat etdikdə işə gəlməməyə icazə verilirmi?"

Məsələyə hüquqşünas Orxan Dadaşov aydınlıq gətirib. O bildirib ki, Əmək Məcəlləsində bu cür hallarla bağlı iki maddə var:

"Əmək Məcəlləsinin 72 və 130-cu maddələrində bu məsələyə toxunulur. 72-ci maddənin A bəndində göstərilir ki, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmək işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

130-cu maddənin İ bəndində isə göstərilir ki, ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə 7 təqvim gününədək ödənişsiz məzuniyyət verilir.

Bir sözlə, belə hallarda işçinin əmək müqaviləsinə xitam vermək olmaz. Sadəcə olaraq, ondan ödənişsiz məzuniyyətə çıxmağı tələb etmək olar".

Qeyd edək ki, bu vəziyyət işçinin özündən asılı olmayan halı ehtiva etdiyindən işə götürən bu halı üzürlü hesab edə bilər. Lakin nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan müddət 1 gün üçün müəyyən olunub. Bu da onu deməyə əsas verir ki, sonrakı müddətlər üçün işçinin ödənişsiz məzuniyyətdən istifadə edilməsi məqsədə uyğundur.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #hüquqiyardım   #ƏməkMəcəlləsi   #iş   #işçi  

Oxunub: 7503