Prezidentliyə namizədlər bunları etməlidir - Qanun


20:16     05 Fevral 2018 deputatsecki.jpg


Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin etdi.

Femida.az xəbər verir ki, Seçki Məcəlləsinin 58-ci maddəsinin birinci bəndinə əsasən, irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına lazım ola bütün sənədləri təqdim etməlidir. Qanunda göstərilən sənədlər sırasına isə aşağıdakılar daxildir:

1) Sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;

2) Seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;

3) Bu Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;

4) Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;

5) Mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;

6) Namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).

Təqdim edilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar ediləcəyi halda müvafiq komissiya 48 saat ərzində namizədi məlumatlandırmalıdır. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Qərar qəbul olduqdan sonra namizədə bir gün ərzində bu qərarın surəti təqdim edilməlidir.

Beləliklə, seçkilərin 11 aprelə təyin olunduğunu nəzərə alsaq, namizədliklərin irəli sürülməsi fevralın 20-dən etibarən başlayacaq. 11 marta qədər isə namizədlər öz sənədlərini toplanan imzalarla birgə MSK-ya təqdim etməlidirlər.

Qeyd edək ki, prezident seçkisində iştirak üçün 45 min seçici imzası tələb olunur.

Açar sözlər: #seçki   #prezident   #qanun  

Oxunub: 2154