Arvadının adına kredit götürdü, boşandıqdan sonra ödəmədi - Bu halda nə etməli?


18:22     06 Fevral 2018 kredit_055.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə mövzumuz kredit ödənişləri ilə bağlı yaranan problemlərlə bağlıdır.

Gülnar Əliyeva adlı vətəndaş belə bir sualla redaksiyamıza müraciət edib:

“3 ildir ərimdən ayrılmışam, amma evli olduğumuz müddətdə yoldaşımın təhriki ilə bankdan kredit götürmüşük. Ayrılandan sonra bir müddət krediti ödəyirdi, sonra ödəmədi. İş məhkəməyə getdi və məhkəmə ödənişi mənim əmək haqqıma yönləndirdi. Məbləğ 8 min manat idi, indi 4780 manatı qalıb. Mən yenidən məhkəməyə müraciət edə bilərəm ki, ailəli olduğumuz müddətdə götürdüyümüz üçün kreditin yarısını o ödəsin? Onu da deyim ki keçmiş ərimin adında əmlak yoxdur, özü də kirayədə qalır“.

Məsələyə hüquqşünas Samir Qasımov münasibət bildirib:

“Hər bir halda kredit müqaviləsi sizinlə bank arasında bağlandığına görə, borc sizdən tutulacaq. Amma kredit vəsaiti birgə nikah dövründə əldə edilib birgə təsərrüfat aparılan zaman hər ikiniz tərəfindən istifadə olunubsa, götürülmüş kreditin məbləğinin yarısını tələb edə bilərsiz. Bu münasibəti tənzimləyən norma yoxdur, amma bu o demək deyil ki, məhkəmə bu tələbə baxmaqdan imtina etməlidir. Qanunun anologiyası tətbiq edilməklə bu tələbə baxıla bilər. Ailə Məcəlləsinin 37.2 ci maddəsinə görə, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər”.

Hüquqşünasın sözlərinə görə, hər bir halda tələbə baxılan zaman kreditin nə vaxt götürüldüyü və birgə istifadə edildiyi araşdırılmalıdır:

“Çünki birgə nikah dövründə qazanılmış əmlak ümumi birgə mülkiyyət sayılır. Lakin burada sırf sizinlə bank arasında bağlanmış kredit müqaviləsi və öhdəlik var. Siz məhkəməyə müraciət edib sübut edə bilsəz ki, krediti vaxtilə ailənin maraqları üçün xərcləmisiz, onda məhkəmə öhdəliyin bir hissəsini keçmiş yoldaşınızın üzərinə qoya bilər”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #femida   #hüquq   #yardım   #bank   #kredit  

Oxunub: 2268