Ermənistan 11 aprel seçkilərindən qorxur


19:33     08 Fevral 2018 irevan5.jpg

Azərbaycanda qlobal iqtisadi problem yoxdur. Əksinə, iqtisadi artımın olduqca ciddi perspektivləri var. Ermənistanın uzun müddətdir özünə müttəfiq hesab etdiyi ölkələr bu gün Azərbaycanla səmimi münasibətlər qururlar və bu münasibətlərdə biznes əsas paya sahibdir.


Bu fikirləri erməni siyasi şərhçisi Qrasiya Qalustyan “Armenia report” saytına açıqlamasında bildirib. O deyib ki, Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir Putinin qələbəsindən sonra Azərbaycan Dağlıq Qarabağın azad edilməsi istiqamətində ciddi fəaliyyətə başlayacaq və Moskva bu proseslərdə Bakını dəstəkləyəcək.

Erməni siyasi şərhçi, həmçinin Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri bağlı da narahatlığını bildirərək qeyd edib ki, prezident seçkilərinin vaxtının aprelin 11-nə dəyişdirilməsi heç də iddia edildiyi kimi iqtisadi məsələlərdən irəli gəlmir. Tehran, Bakı və Moskva bölgədə yeni böyük nəqliyyat layihəsinin – Şimal-Cənub beynəlxalq dəmiryolu layihəsinin əsasını qoyur. Martda Azərbaycan və İran prezidentlərinin görüşünün olacağını deyən erməni siyasətçi Azərbaycan Astarası ilə İran Astarası arasındakı körpünün istifadəyə veriləcəyini, həmçinin Astara-Rəşt dəmiryolunun təməlinin qoyulacağını bildirib. Onun sözlərinə görə, İran tərəfi bəyan edib ki, bu, Fars körfəzi ilə Qara dənizi birləşdirən böyük əhəmiyyətli layihədir. Həmin nəqliyyat dəhlizi vasitəsilə yüklər Gürcüstan, Ukrayna və Polşaya qədər daşınacaq. Ermənistan yenə böyük gəlirlərdən təcrid olacaq, Azərbaycan isə təkcə maliyyə yox, həm də siyasi dividendlər əldə edəcək.

Q.Qalustyan deyib ki, İran Azərbaycana yarım milyard dollar kredit ayırıb. Bu səbəbdən Azərbaycanda iqtisadi problemlərin olması bağlı fikirlər səsləndirmək əsasızdır və rəsmi Bakı artıq qərb ölkələri ilə iddialı danışır. Prezident İlham Əliyevin Davos görüşlərini xatırladan erməni politoloq qeyd edib ki, bu beynəlxalq iqtisadi tədbirdə iştirakçı ölkələr Azərbaycanı önəmli tərəf olaraq qəbul edirdilər.

Azərbaycan və Rusiya arasında isti münasibətlərə də toxunan Qalustyan önəmli bir nüansı diqqətə çatdıraraq bildirib ki, Rusiya telekanallarında heç vaxt Azərbaycanı tənqid etmirlər, halbuki orada Ermənistan ən pis sözlərlə təhqir olunur. Bundan başqa, Duqinin, Solovyovun, Proxanovun Bakıya səfərlərini də xatırladan erməni şərhçi deyib ki, onlar işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması ideyasını müdafiə edirlər. Bütün bunlarla yanaşı, Kreml Sarkisyandan narazılığını gizlətmir. Aprelin 9-da Sarkisyanın prezidentlik müddəti başa çatır və Azərbaycanda seçkilər payızda keçirilsəydi, bu, Dağlıq Qarabağ danışıqlarında pauza yaranması ilə nəticələnərdi. Göründüyü kimi, Azərbaycan heç bir fasilənin yaranmasına imkan vermək niyyətində deyil. Seçkinin vaxtının dəyişdirilməsi də məhz buna hesablanıb.

Q.Qalustyan vurğulayıb ki, Rusiyadakı seçkidən dərhal sonra Azərbaycan Qarabağın azad olunması prosesinə başlayacaq. Kremlin siyasi dəstəyi nəticəsində erməni ordusu heç nə edə bilməyəcək. Bu, təkcə Serj Sarkisyanın yox, bütün “Qarabağ klanı”nın siyasi səhnədən gedişi ilə nəticələnəcək. Prezident İlham Əliyev isə qalib olaraq tarixə düşəcək”.(AzərTac)

Femida.az

Açar sözlər: #Ermənistan   #Seçki   #Azərbaycan  

Oxunub: 984