Cəriməsi olan piyadalara bəd xəbər – Sürücülük vəsiqəsi və maşın alanda...


20:59     08 Fevral 2018 polis6.jpg

Azərbaycanda piyadalara qarşı tətbiq edilən cərimələrin ödənilməsi o qədər də yaxşı səviyyədə deyil. Bəziləri illərlə cəriməni ödəmir və düşünür ki, heç bir problem olmayacaq. Amma son vaxtlar piyadalara yazılan cərimələrin ödənilməsi üçün müxtəlif qaydalar tətbiq edilir. Evlərinə sahə müvəkkili tərəfindən xəbərdarlıq gəlir, iş yerinə məktub göndərilir və başqa bu kimi xəbərdarlıqlar edilir. "Yol hərəkəti haqqında" qanuna edilən son dəyişikliklər isə piyadalara qarşı daha bir məhdudiyyəti ortaya çıxarıb. Belə ki, qanuna edilən dəyişikliyə görə, şəxs yol hərəkəti qaydalarını pozduğu üçün barəsində tərtib edilmiş protokol üzrə cəriməni ödəməyibsə sürücülük vəsiqəsi alarkən, dəyişərkən, eləcə də avtomobili qeydiyyatdan və təkrar qeydiyyatdan keçirərkən cərimələrin ödənilməsi tələb olunacaq. Sürücülük vəsiqəsi o halda veriləcək ki, cərimə tam ödənilsin. Avtomobili o halda ada keçirmək mümkün olacaq ki, şəxs öz adına olan cərimələri ödəyib qəbzi təqdim etsin.

Femida.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən avtosfer.az-a bildirildi ki, qanunda edilən bu dəyişiklik piyadaların da üzərinə bəzi vəzifələri qoyur. Belə ki, piyada kimi cərimə edilən şəxs gələcəkdə sürücülük vəsiqəsi almaq istədikdə, yaxud, mövcud vəsiqəni dəyişmək üçün müraciət etdikdə cərimənin ödənilməsi tələb olunacaq. Bundan başqa, piyada kimi cərimə olunan şəxs cəriməni ödəməyibsə, həmin şəxs avtomobil alarkən onu öz adına keçirə bilməyəcək. Bu proses yalnız cərimə ödəndikdən sonra həyata keçirilə bilər.

DYP piyadaları nizam-intizamlı olmağa və tətbiq edilmiş cərimələri vaxtında ödəməyə çağırır.

Femida.az

Açar sözlər: #Polis   #Cərimə   #Avtomobil  

Oxunub: 1706