Körpəni doğub küçəyə atanları hansı cəza gözləyir?


15:10     10 Fevral 2018 2018/02/timthumb_1518246740.jpg

Hər il dünyada 10 milyona yaxın uşaq valideynləri tərəfindən atılır. Azərbaycanda isə rəsmi məlumatlara görə, ildə 50-yə yaxın yeni doğulan uşaq küçəyə atılır. Qeyri-rəsmi məlumatlara görə isə reallıqda küçəyə atılmış körpələrin sayı qat-qat çoxdur.


Elə bir neçə gün əvvəl Bərdədə baş verən dəhşətli hadisə hamını şoka salıb. Yeddi aylıq doğulan körpəni kənd sakinləri küçədə tapmışdı. Xəstəxanaya aparılan qızcığazın həyatını həkimlər xilas edə bilməyiblər.

Körpələrinə bu cür bədbəxt tale yaşadan valideynlərin hansı cəza gözlədiyi ilə bağlı qısa araşdırma apardıq.

Femida.az xəbər verir ki, "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə qafqazinfo-ya açıqlamasında bildirib ki, anaların körpələrini küçəyə atmasının başlıca səbəblərindən biri onların mənəviyyatsız və əxlaqsız olmasıdır. Onun sözlərinə görə, qadınlar özlərini cilovlaya bilməyəndə ehtiraslarına qurban gedirlər.

K.Ağazadə əlavə olaraq qeyd edib ki, fəaliyyəti dövründə sığınacaqda belə hallara rast gəlməyib.

Psixoloq Aydan Nəzərova mövzuyla bağlı fikirlərini belə izah edib: "Bu mövzu son günlər çox aktualdır. Belə hadisələr daha əvvəllər də olsa, çox qabardılmırdı. Heç bir qadının dünyaya gətirdiyi uşağını küçəyə atmağa ixtiyarı yoxdur. Əgər belə hallar baş verirsə, deməli, səbəbləri var. Bu vəziyyətin yaranmasına səbəb kimi qadınların erkən yaşda qanundan kənar nikahlarını əsas göstərmək olar. Nəticə olaraq da həmin qadınlar körpələrini ortaya çıxarmamaq üçün övladlarını dünyaya gətirən kimi ya uşaq evlərinin yanına, ya da zibil qutularına atırlar. Belə etmək vicdansızlıqdır. Bu cür qadınlar cəmiyyətin qınaq obyektinə çevrildikləri üçün özlərinə haqq qazandıraraq günahın onlarda olmadığını, təcavüzə uğradıqlarını deyirlər. Belə vəziyyətlərin qarşısının alınması üçün təbliğatlar aparılmalıdır. Özəlliklə, psixoloqlar sosial təbliğatlarda iştirak etməlidir. Dövlətimiz atılan uşaqlara sahib çıxsa da, ancaq valideynsizlik ağrısı onlarda sağalmaz yara olaraq qalır. Bəzən isə atılan uşaqların həyatını xilas etmək mümkün olmur. Valideyn olaraq hər bir insan övladına cəmiyyətdə necə davranmaq, necə özünü idarə etmək lazım olduğunu öyrətməlidir."

Hüquqşunas Cavid Rzazadə isə körpəsini qəsdən öldürən anaları 3 ilədək həbsin gözlədiyini qeyd edib: "Belə vəziyyətdə ekspertlərin rəyi əsasdır. Çünki bu addımı atan şəxslərin hansı hallarda belə etmələrinin cəzası ekspertlərin rəyinə görə dəyişə bilər. Belə ki, ana yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan sonra qəsdən öldürürsə, bu zaman o, üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ancaq digər bir halda əgər həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyursa o zaman, ana Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirləndirilərək üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər".

Femida.az

Açar sözlər: #Körpə   #Küçə   #Cəza   #valideyn  

Oxunub: 2920