Ruhu göylərdə uçan pilot - Əbu Bəkir İsmayılovun həyat hekayəsi (REPORTAJ)


15:33     10 Fevral 2018 2018/02/16_1518247313.jpg

Aprel döyüşləri zamanı şəhid olan pilot,baş-leytenant Əbu Bəkir İsmayılovun doğum günüdür. Yaşasaydı, 28 yaşı olacaqdı.


Femida.az xəbər verir ki, şəhid pilotun xatirəsinə Silahlı Qüvvələrin Təlim Tədbis Mərkəzində tədbir keçirilib.Tədbir zamanı yazıçı Yaqut Bahadurqızının “Hay ver mənə, cənab leytenant” kitabı geniş kütləyə təqdim olunub.

Femida.az tədbirdən hazırlanmış reportajı təqdim edir:





... Əbu Bəkir İsmayılovun doğum günü münasibəti ilə keçiriləcək tədbirdə iştirak etmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzindəyik. Ciddi nizam-intizam hökm sürdüyü nəzarət-buraxılış məntəqəsindən keçdikdən sonra tədbir keçiriləcək məkana daxil oluruq. Tədbirin başlamasına bir neçə dəqiqə qalır. Artıq Mərkəzin əməldaşları, Gülsadə müəllimə,kitabxanaçı xanım və gənc kursantlar canla-başla hazırlıq işlərini yekunlaşdırmağa çalışır.Jurnalist olduğumu biləndə Gülsadə müəllimə “mən bu gün Əbu Bəkirin anası olacam” sözünü böyük fəxr hissi ilə deyir. İlk öncə bunun nə anlamda işlədildiyini başa düşmədim.Sonradan bildim ki, tədbir zamanı səhnəcik nəzərdə tutulub. Həmin səhnəcikdə müəllimə Əbu Bəkirin anası rolunu canlandıracaq.







Hər zaman ciddi və zəhmli görkəmdə görməyə adət etdiyimiz zabitlər bu gün daha çox gülərüz və ünsiyyətə meyilli görünür gözümə. Mayor Natiq Rəhimova yaxınlaşıram.O da bu tədbirin təşkilatçılardan olmağından qürur duyduğunu və qonaqların yerləşdirilməsində təşkilatçı xanım Yaqut Bahadurqızına köməyini əsirgəmirdi. Bir sözlə bu tədbirdə rütbəsindən,vəzifəsindən asılı olmayaraq hər kəs şəhid Əbu Bəkir üçün çalışırdı.

...Artıq gənc kursantlar da qəhrəman pilotun həyat yolunu bir daha izləmək üçün salondadır.Yüksək nizam-intizam hiss olunur ilk baxışdan. Kursanta yaxınlaşıram. Kimdir,Əbu Bəkir İsmayılov soruşuram. Cavabında “O bir qəhrəmandır,onu tanımayan varki?” söyləyir gənc kursant...




Tədbirin başlamasında artıq saylı dəqiqələr qalır.Bu zaman salona üzündə təbbəssüm əks olunan bir xanım daxil olur. İlk olaraq mənə baxaraq, “necəsən, oğlum, səni o dəqiqə tanıdım” deyir. Düzü, ilk anda bu xanımın kim olduğunu dəqiqləşdirə bilmədim. Bu xanım qəhrəman pilota kimya fənnindən dərs demiş elə qəhrəman müəllimə adına layiq bir şəxsiyyət idi. Flora müəllimə ilə 2 il öncə telefon vasitəsi ilə Əbu Bəkir haqqında hazırladığım müsahibə zamanı danışmışdıq. Real həyatda ilk görüşümüz olduğu üçün müəlliməni tanıya bilməmişdim. Amma hər zaman ürəyimdə o müəlliməyə böyük hörmət və rəğbət hissi var idi. Müəllimə ilə söhbətə başlayıram. “Əbu Bəkir haqqında danışmaq mənə çox çətindir.O, adi kursant deyildi.U şaqlığından tanıyırdım onu. Elə ürəyi Qarabağ eşqi ilə yanırdı...”, deyir gözü yaşlı müəllimə. Kursantlarının onu ətrafdan izlədiyini görən qürurlu müəllimə göz yaşlarını silərək günün qəhrəmanı ilə bağlı xatirələrini bölüşməyə davam edir:






“Mən Əbu Bəkirə kimya fənnindən dərs demişəm. O, ədəbiyyata, şeirə çox bağlı kursant idi. Hər dəfə dərsə girən kimi Qarabağla bağlı şeirlər demək üçün icazə istəyirdi. Çox vaxt buna icazə vermək istəmirdim. Deyirdim ki, İsmayılov,bu ədəbiyyat dərsi deyil axı...Amma mövzu Qarabağ olduğu üçün istəyindəm imtina da edə bilmirdim. Özü də o, şeiri birbaşa sinədən deyirdi. Heç bir kağıza, vərəqə də yazmazdı... Əbu Bəkirə dedim ki, sənin ürəyində Qarabağ alovlanır. Cavabında dedi: “Müəllimə, Qarabağ yanır ürəklərdə onun söndürən biz olmalıyıq.”

Uzun illərdir Silahlı Qüvvələrdə vətən üçün kadr hazırlamaqla məşğul olan peşəkar müəllimə qəhrəman kursantı ilə son görüşünü danışarkən göz yaşlarına hakim ola bilmir. Bu dəfə nə ətrafdaki kursantların baxışı, nə kameralar, nə də zabitlər bu qəhrəman müəllimənin göz yaşlarına hakim olmasına mane ola bilmir...

- 2016-cı ilin martın 31-i idi. Axşam mənə yazdı ki, “ müəllimə, sizi elə istərdim görəm. Gəldim tapa bilmədim. Deyəsən, həmin gün dərsdə deyildiniz. Sizə deyiləsi sözüm var idi... ” Həqiqətən mənim o gün dərsim yox idi... Bu günə kimi bu hadisə ürəyimdə bir yara izi buraxıb.Görəsən, O, mənə nə demək istəyirmiş?...

Müəllimə ilə söhbətimizi bitirmək məcburiyyətindəyik. Artıq tədbir başlayır. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himninin oxunması ilə tədbir başlayır. Dövlət Himninin yüksək səslə kursant və zabitlərlə birgə oxumağın qüruru isə sözlə ifadə olunacaq hisslər deyil...





... Bu gün gənc kursantlar da Əbu Bəkirin görüşünə xüsusi hazırlıqla gəlib.II kursun kursantları Yusif Məhərrəmov və Beyrək Quliyev şəhid pilotun müəllifi olduğu “Məhəbbət” şeirini söyləyərkən gözlərdə olan qisas hissi diqqətimi cəlb edir.Bu gün hər kəs şəhidə olan etiram hissini bacardığı formada verməyə çalışır...


Söz növbəsi xalq artisti Eldost Bayramlıya çatır. Sözlü-söhbətli xalq artisti “Hay ver mənə, cənab leytenant” kitabından Əbu Bəkirlə nişanlısının görüş səhnəsini oxuduqca salon susur...





“Şəbnəmlə bir xeyli susqun addımladıq İstiqlaliyyət küçəsi ilə. Nə soruşum,nədən başlayım?... Dönüb üzünə baxdım. Baxışları, üzü gülürdüsə də, fikri, düşüncəsi ayrı idi...
-Bax,o skamyada oturardıq tez-tez,- Sabir bağındakı skamyanı göstərdi.

Bu daşların üstü ilə o qədər gəzmişik ki... Nizami küçəsində, lap yaxında bir kitab mağazası var- “Əli və Nino”.Məni tez-tez ora aparardı.

Bir gün:
- Sənə nə hədiyyə etsəm sevinərsən?- soruşdu.
- Kitab,-dedim...Təzə çapdan çıxan Yunus Oğuzun “Nadir şah” tarixi romanı 8 martda mənə hədiyyə etdi...

...2009-cu il dekabrın 31-i idi, tətildə idik. Mən III kursda, o, isə Akademiyanın II kursunda idi. Televizorda “Yuxu” filmi göstərilidi. Filmdə bir epizod var:
Əlabbas dənizdə yoxa çıxır, hamı axtarır,tapmır.Sevgilisi dəniz kənarında təpənin üstündə oturub qəmli-qəmli dənizə baxırdı. Əlabbasın dostlarından biri ona təsəlli verir:

- O,səni çox sevirdi.
- Yox,sevsəydi, etiraf edərdi.
- Bəs, qız necə,etiraf edərdi?
- Məncə sevgini birinci oğlan etiraf etməlidi...

Filmin bu yerində telefon zəng çaldı. Bəkir idi.

- Filmə baxırsan?- soruşdu.
- Hə,baxıram.
Bəs,sənin buna münasibətin necədi?
- Nəyə?

Özümü bilməməzliyə vurdum.

- Səncə, sevgini birinci kim etiraf etməlidi?
- Əlbəttə,oğlan. Axı,kişilər daha cəsarətli olur.
- Düz deyirsən.Elə isə, mən də bir etiraf edim.Məni sənə təkcə qohumluq hissi bağlamır,bir ayrı tellər, hisslər də var...




Əbu Bəkirlə Şəbnəm xanımın tanışlıq yolunu əks etdirən bu hissədən sonra susan salonda göz yaşları hökmranlıq edirdi...Bu həm də, Azərbaycan kişisinin bir keyfiyyətini özündə əks etdirən dastan idi...

Tədbir öz axarı ilə davam edir. Hər çıxışdan sonra alqış səsləri insana hərbçi addımlarının səsini xatırladır. Çünki digər tədbirlərdən adət etdiyimiz tamaşaçılardan fərqli olaraq, bu tədbirin tamaşaçılarının böyük əksəriyyəti hərbçilər idi... Onların addımı kimi alqışları da fərqlidir.




Söz sırası şəhidin qardaşı Əkbər İsmayılovdadır. O, çıxışında qardaşı ilə bağlı danışdıqca səsi boğulur. Axı, qardaş itkisi asan məsələ deyil. Özü də özünün dili ilə desək Əbu kimi bir qardaşı...

Tədbirin təsirini artıran hissələrdən kursantlar Seyfəddin Orucovun,Nuri İbrahimin səsləndirdiyi şeirləri qeyd etməmək ədalətsizlik olardı.





...Söz qəhrəman şəhidin anası Rəna xanımındır. Bu zaman zal onu ayaq üstə alqışlamaqla şəhid anasına verilən yüksək qiyməti ifadə etməyə çalışır. Qəhrəman ana belə bir tədbirin təşkilindən qürur duyduğunu və digər aprel şəhidlərinin də qələbədə rolunun böyük olduğunu bildirir. Sözünü bitirən ana uzun sürən sürətli alqışlarla tribunadan enərkən mayor Natiq Rəhimovun gül dəstəsini anaya təqdim etməsi bəlkə də, tədbirin kulminasiya nöqtəsi idi.Sadə görünə biləcək çiçək dəstəsi əslində özlüyündə mürəkkəb bir anlamdır. Bu, Silahlı Qüvvələrin zabitinin şəhid anasına verdiyi bir mesaj və diqqət idi.Torpağı işğalda olan ölkədə hər bir ailə hərbçi ailəsidir!... Mesajının davamı idi...







Artıq tədbirin yekunlaşmasına saylı dəqiqələr qalır. Qəhrəman şəhid haqqında yazılan kitabın müəllifi olan Yaqut Bahadurqızı ürəyində olan sözləri demək üçün tribunaya qalxır.Bir qəhrəmanın həyat yolunu peşəkarcasına qələmə alan xanım yazıçının hər sözü tamaşaçı tərəfindən alqışla qarşılanır. Bu alqış yaqut xanıma olan minnətdarlığın ən böyük ifadə tərzidir, məncə...

Tədbirin sonu da öz originallığı ilə seçilir. Marş sədaları altında Azərbaycan bayrağının zala gətirilməsi və şəhid anasının bayrağı öpərək qucaqlaması düşmənə bir mesaj, gənclərə bir örnək idi...








Hazırladı: Mircəlal Məcidli
Fotolar: Elvin Abdulla
Femida.az



Açar sözlər: #Şəhid   #Pilot   #ƏbuBəkir   #İsmayılov   #Apreldöyüşləri   #Ordu   #silah   #MüdafiəNazirliyi   #Leytenant  

Oxunub: 7019