Qeydiyyatsız nömrə işlədirsinizsə, məsuliyyəti KİM DAŞIYIR?


16:11     10 Fevral 2018 18_02_10_1518250495.jpg


Femida.az vətəndaşlara hüquqi yardəm layihəsini davam etdirir. Bu dəfəki mpvzumuz qeydiyyatsız satılan nömrələrlə bağlıdır.

Düzdür, son illərdə telekommunikasiya sahəsində aparılan təkmilləşmələrdən sonra bu cür hallar demək olar ki, yox dərəcəsinə enib. Lakin daha öncəki illərdə satılmış və hazırda qeydiyyatsız formada istifadə olunan nömrələr var.

Elə məsələni saytımıza şərh edən vəkil Tural Süleymanov da bu fikri təsdiqlədi:

“Bu sahədə törədilən cinayətlərə əvəllər tez-tez rast gəlinirdi. Lakin hazırda mobil nömrənin qeydiyyatsız formada satılması demək olar ki, yox dərəcəsindədir. Hər bir halda qanunvericilik bununla bağlı məsuliyyət müəyyən edib. Telekommunikasiya haqqında qanunun 33-cü maddəsində mobil operator və provayderlərin vəzifələri qeyd olunur:

- Rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatları daxil etmək;

- Telefon nömrələrinin (sabit (məftilli), mobil) operatorların şəbəkəsində aktivləşdirilməsini ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra təmin etmək.


Yəni bu o deməkdir ki, abonent haqqında vacib məlumatlar onlayn bazaya daxil edilməzsə, həmin nömrə aktiv olunmur”.



Tural Süleymanov bildirdi ki, əvvəllər bu tipli əməllərə görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulmurdusa, 2016-cı ilin noyabrında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən sonra qeydiyyatsız nömrə satanları ciddi cərimələr gözləyir:

“Şəxsə qeydiyyatsız nömrə satılıbsa, bu halda satıcı, diller və ya operator İnzibati Xətalar Məcəlləsinin 362-2-ci maddəsinə əsasən, məsuliyyətə cəlb olunur. Ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilmədən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə görə vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 3 min manat miqdarında cərimə olunur. Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 4 min manat miqdarında, hüquqi şəxslər 6 min manat miqdarında cərimə edilir”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #telefon   #nömrə   #mobil   #operator   #telekommunikasiya   #vəkil   #hüquq   #yardım   #TuralSüleymanov  

Oxunub: 5084