Bu gün Alxanlı faciəsinin qurbanı ZƏHRANIN AD GÜNÜDÜR


17:19     13 Fevral 2018 18_02_13_1518513120.jpg


Ötən il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Təxribat nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular.

Bu gün Alxanlı faciəsində erməni vəhşiliyinin qurbanı olan Zəhra balanın ad günüdür. Yaşasaydı, 3 yaşı olacaqdı. Düşmən bizi hərbi və mülki şəxs deyə ayırmır. Hədəfdə uşaq olsa belə, öldürməkdən çəkinmir. Halbuki dünyanın hər yerində qəbul olunub ki, müharibə mülki şəxslər arasında getmir. Savaş yalnız hərbçilərə aiddir.

Bu hadisənin xüsusilə Cocuq Mərcanlıya köç ərəfəsində olması isə heç də təsadüfə oxşamırdı. Bəlkə onlar əhalinin yenidən Dağlıq Qarabağa qayıtmaması üçün göz qorxutmaq istəyirdilər?

Politoloq Natiq Mirinin fikrincə, Sarkisyan hakimiyyəti bununla əhalini qorxutmağa çalışsa da, istəyinə çata bilmədi:

“Bu məsələdə erməni tərəfinin açıq təxribatı var idi. Çünki aprel hadisələrindən sonra Ermənistan bütün sülh danışıqlarını sistematik olaraq sabotaj edir. Yenidən danışıqlar masası gündəmə gələn kimi Ermənitan bu cür təxribatlarla aranı qarışdırmaq istəyir.

Əslində zaman-zaman bu cür təxribatlardan istifadə olunur. Ancaq Sarkisyan hakimiyyəti Alxanlı hadisəsi ilə Azərbaycan ictimaiyyətinin gözünü qorxutmağı düşünsə də, istədiyi nəticəni əldə etmədi. Cocuq Mərcanlı quruldu və xalq öz yurd-yuvasına qayıtdı. Çünki güclənən ordumuzun sayəsində xalqımızın heç bir qorxusu yoxdur”.

Yadınızdadırsa…

2015-ci ildə dəniz yolu ilə Türkiyədən Yunanıstana keçmək istəyən suriyalı qaçqınların qayığı çevrilmiş və 3 yaşlı körpə Aylan Kurdi dənizdə boğulmuşdu. Dalğalar uşağın cəsədini dəniz kənarına çıxarmışdı. Həmin vaxt dünya mediasının bir nömrəli gündəm mövzusu bu hadisə oldu. Körpənin fotoları tezliklə tirajlanaraq dünyanın hər yerinə çatdırıldı. Bu beynəlxalq cinayət idi. Zəhranın başına gələn olay da bundan fərqli deyil, hətta daha dəhşətlidir.



2 yaşlı balamız atəşkəs rejimində yaşadığı rayonunda düşmənin açdığı atəş nəticəsində öldü. Amma nədənsə, beynəlxalq aləm bu hadisə qarşısında susdu və susmağa davam edirlər. Bu da eynilə beynəlxalq cinayət deyilmi? Uşaq qatillərinə qarşı bu qədər tolerant davranmaq nə dərəcədə düzgündür?!

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Zəhra   #Alxanlı   #Füzuli   #erməni   #faciə   #Qarabağ  

Oxunub: 1489