4 ildir məhkəmə qərarını icra etməyən şəxs məsuliyyətdən necə yayınıb? - Ərlə arvadın 23 minlik davası


19:52     13 Fevral 2018 18_02_13_1518522746.jpg

Sumqayıt Şəhər sakini Allahverdiyeva Xoşgül İzzət qızının həyat yoldaşı tərəfindən evinin satılması və küçəyə atılması barədə məlumat vermişdik.


Şikayətçinin iddiasına görə, hələ ailə həyatı qurmazdan əvvəl evinə usta kimi çağırdığı Allahverdiyev Zaur Mənsim oğluna notarius qaydasında 23 min dollar borc pul verib. İkinci tərəf pulu qaytarmaqdan imtina etdikdən sonra Xoşgül Allahverdiyeva məhkəməyə müraciət edib. Sumqayıt Şəhər Məhkəməsinin Xoşgül Allahverdiyevanın xeyrinə 2014-cü ildə çıxardığı qərar bu günə kimi icra olunmayıb.

Femida.az -a müraciət edən iddiaçı Xoşgül Allahverdiyeva həyat yoldaşının məhkəmə qərarını icra etməməsini və məsuliyyətdən yayındığını bildirib.





“2014-cü ildən çıxan məhkəmə qərarı niyə icra olunmur? Zaur bir müddət qaçıb Rusiya Federasiyasında gizləndi. Sonra Azərbaycana qayıtdı. Tam sağlam adam idi. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Təranə xanıma dedim ki, onu buraxsanız, qaçacaq. Elə də oldu. Rusiyadan qayıdandan sonra əvvəlcə II qrup, 3 aydan sonra isə I qrup əlillik dərəcəsi aldı. Mən bu günə kimi onun əlillik dərəcəsi almasına şübhə edirəm. Necə olur ki, bir adam 3 aydan sonra I qrup əlillik dərəcəsi alır? Bunun araşdırılması üçün yenidən aidiyyatı qurumlara müraciət edəcəm.

İlk əvvəl iş Sumqayıt Şəhər İcra Şöbəsində idi. Sonradan Zaur Allahverdiyevin yaşayış ünvanı dəyişdiyi üçün iş Sabunçu Rayon İcra Şöbəsinə verildi. İcra Şöbəsinin Orxan Əliyev adlı icra məmuru bizi süründürməçiliyə salır. Həyat yoldaşım müxtəlif bəhanələrlə məhkəmə qərarını icra etməkdən yayınır. Buna baxmayaraq ona qarşı heç bir qanuni tədbi r görülmür”,deyə qadın iddiasında bildirib.

Xoşgül Allahverdiyevanın iddia etdiyinə görə,həyat yoldaşı Zaur Allahverdiyev saxta sənədlərlə əlillik dərəcəsi alıb. Bunu bəhanə edərək qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmir.


Femida.az məsələ ilə bağlı vəkil Sadiq Əfəndiyevlə əlaqə saxlayıb.Vəkilin sözlərinə görə, məhkəmə qərarlarının icrası məcburidir.





“Əgər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, borclu tərəf bunu heç bir bəhanə gətirmədən icra etməlidir. Qanunvercilikdə əlilliyə görə məhkəmə qərarını icra etməmək barədə heç bir norma yoxdur. Yəni, bütün şəxslər qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməlidir. İcra şöbələri əməkdaşlarının əsas vəzifələrindən biri icranı təmin etməkdir. Vətəndaş icra şöbəsi əməkdaşlarının hərəkətsizliyindən narazı qaldığı məqamda Ədliyyə Nazirliyinin İcra baş idarəsinə şikayət edə bilər. Həmin şikayət əsasında icranın təmin edilməsi mümkün ola bilər. Həmçinin icra məmurunun hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə İnzibati-İqtisadi Məhkəmədə iddia qaldıra bilər.” deyə vəkil bildirib.

Femida.az vətəndaşın iddiası ilə bağlı icra məmuru Orxan Əliyevlə əlaqə saxlayıb. Onun sözlərinə görə, qeyd olunan iş 2017-ci ilin sentyabrından onun icratındadır.

“Bu vaxta qədər müəyyən işlər görülüb və hazırda proses davam etdirilir. Mən bu ilin fevralından başqa şöbəyə keçirildiyim üçün bu işi başqa icra məmuruna təhvil vermişəm. Borclu şəxs Zaur Allahverdiyev I qrup əlildir. Ailə üzvlərinin verdiyi məlumata görə, hazırda Şağan qəsəbəsində Müharibə Əlilləri üçün Müalicə Pansionatında müalicə alır. Bunu dəqiqləşdirmək üçün Pansionata sorğu qoymuşuq” deyə, icra məmuru bildirib.

Bəs, əlillik dərəcəsinə görə verilən pensiyadan borclu şəxsdən tutulub qarşı tərəfə ödənilməsi mümkündürmü? Sualına icra məmuru belə cavab verdi:

“ Onun əlillik dərəcəsinə görə pensiya alması dəqiqləşdirildikdən sonra bütün qanuni addımların atılması təmin ediləcək.”

Xatırladaq ki, Sağan qəsəbəsində yerləşən müalicə müəssisəsi yalnız müharibə əlilləri üçün nəzərdə tutulur. Zaur Allahverdiyevin orada müalicə alması hansı yolla baş tutur?

Femida.az bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlayıb.

Qeyd edək ki, Xoşgül Allahverdiyeva evinə çağırdığı usta Zaur Allahverdiyevlə tanış olmuş və həmin ildəcə rəsmi nikaha daxil olub. 2014-cü ildə həyat yoldaşı tərəfindən atılan qadın məhkəməyə müraciət edib.Əsas tələb kimi isə həyat yoldaşının ona borclu olan 23 min dollar pulun qaytarılması irəli sürülüb. 2014-cü ildə həyat yoldaşı tərəfindən atılan qadın məhkəməyə müraciət edib. Əsas tələb kimi isə həyat yoldaşının ona borclu olan 23 min dollar pulun qaytarılması irəli sürülüb.


Mircəlal Məcidli
Femida.az


Açar sözlər: #Məhkəmə   #Sumqayıt   #Qadın   #Video   #Şikayət   #DayTube   #İcra   #Vəkil   #Hüquqşünas   #Ədliyyə   #Nazirlik   #Sosial   #Xəbər  

Oxunub: 3409