Mağazasına reklam vurmaq istəyənlərin NƏZƏRİNƏ - Hüquqi yardım


19:55     13 Fevral 2018 2018/02/vitrin-tasarimi_1518523121.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə mövzumuz daha çox sahibkarlar üçün xarakterikdir. Söhbət reklam hüquqlarından gedir. Hər bir sahibkarın müştərilərə təklif etdiyi xidmət və ya malı reklam etmək hüququ var.

Hüquqşünas Sirac Piriyevin açıqlamasına görə, bu münasibətlər AR “Reklam haqqında” Qanunu və və ona uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə təsdiq edilmiş Qaydalar ilə tənzimlənir:

"Göstərilən Qanuna edilmiş son dəyişikliklərə əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, tikinti işləri başlamazdan əvvəl tikinti ərazisinin görünən hissəsinə sifarişçi tərəfindən yerləşdirilən məlumat lövhəsi həmçinin dövlət orqanlarına aid olan lövhələr reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir".



S.Piriyevin sözlərinə görə, qanunun 3-cü maddəsi isə reklama dair ümumi tələbləri müəyyən edir:

"Hansı ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməli, dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Həmçinin reklamda Azərbaycan Respublikasının dövlət rəmzlərinin və atributlarının təhrifinə, etik normalara zidd hallara yol verilməməlidir. Eyni zamanda reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə olunmalıdır.

Qeyd olunan tələblərə riayət etməklə, reklam yerləşdirilməsində maraqlı şəxs müvafiq yerli icra hakimiyyəti orqanına, açıq məkanda yerləşdiriləcək reklamla bağlı isə Dövlət Reklam Agentliyinə müvafiq sənədlərlə icazə müqaviləsinin bağlanılması üçün müraciət etməlidir".

Qeyd edək ki, reklam fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, açıq məkanda reklam sahəsinə nəzarət isə Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir.

Reklam haqqında qanuna edilən son dəyişikliklərdən sonra bu sahədə qiymətlər artıq Tarif Şurası tərəfindən müəyyən edilən qaydada deyil, müvafiq icra hakimiyyəti orqanları tərəfindən bazar münasibətlərinə uyğun olaraq müqavilə ilə tənzimlənir.


Amin Nəzərli

Femida.az

Açar sözlər: #reklam   #qanun   #hüquq   #maarifləndirmə   #yardım   #hüquqşünas   #sahibkar  

Oxunub: 5195