Müəllimlərdən prezident seçkiləri ilə bağlı BƏYANAT


21:13     13 Fevral 2018 2018/02/muelliml_1518527822.jpg

Azərbaycan müəllimlərinin təşəbbüs qrupu aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb.


Femida.azın məlumatına görə, bəyanatda deyilir:

“Müstəqil Azərbaycan çağdaş tarixinin ən şərəfli dövrünü yaşayır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi Azərbaycanın müstəqillik tarixinin əsl intibah, inkişaf mərhələsi olub, dünyada dövlətimizin qüdrəti və siyasi nüfuzu möhkəmlənib, vətənimiz regionun lider dövlətinə çevrilib. 2003-cü ildə prezident seçkiləri öncəsi ulu öndər Heydər Əliyevin İlham Əliyev haqqında uzaqgörənliklə söylədiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamının həqiqət olduğunu tarix və zaman bütün dünyaya göstərdi. Belə ki, cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu, milli inkişaf siyasətini dönmədən və uğurla həyata keçirərək ölkənin sosial-iqtisadi və mədəni həyatının davamlı inkişaf strategiyasını formalaşdırdı. Digər sahələrdə olduğu kimi, müstəqil Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu və siyasəti də məhz Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə dönməz xarakter alıb, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası yönündə uğurlu addımlar atılıb. Bu illərdə təhsilin inkişafı ilə bağlı bir çox dövlət proqramları qəbul edilib, onların icrası nəticəsində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlib, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumi təhsil müəssisələrinin pedaqoji və rəhbər kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, tədris resurslarının məzmunca yeniləşdirilməsi, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi, təhsil sisteminin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili sahələrində əhəmiyyətli nailiyyətlər əldə edilib.

Sevindirici haldır ki, 2013-cü ildə prezident seçkilərindən dərhal sonra cənab İlham Əliyevin imzaladığı ilk sənəd-XXI əsrdə təhsilin inkişafının “Yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olub. Biz, bunu ölkə prezidentinin təhsilə diqqət və qayğısının böyük təzahürü hesab edir və yüksək qiymətləndiririk. Hazırda həmin Strategiyada müəyyənləşdirilən hədəf və istiqamətlər üzrə islahatlar dövlət başçısının rəhbərliyi və qayğısı ilə uğurla davam etdirilir. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirdiyi “qara qızılı insan kapitalına çevirmək” siyasəti nəticəsində ölkəmizdə insan kapitalının inkişafı sahəsində böyük uğur qazanılıb, “2007-2015-ci illərdə Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərində 3558 nəfər azərbaycanlı gənc ali təhsil almaq imkanı qazanıb, onlardan 1470 nəfəri artıq məzun olub. Hesab edirik ki, müstəqil Azərbaycanın intellektual potensialının zənginləşməsində, rəqabətə davamlı kadrların formalaşmasında bu addım müstəsna tarixi əhəmiyyətə malikdir.

Son 14 ildə ümumi təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi sahəsində daha böyük uğurlara imza atılıb, ötən dövrdə 3104 yeni məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulub. Ölkənin ən ucqar kəndlərində belə az şagird kontingenti olan məktəb binalarının yeniləşdirilməsi məqsədi ilə modul tipli məktəblərin qurulmasına başlanılıb, 2017-ci ildə 106 belə məktəb quraşdırılıb, cari ildə 137-sinin istifadəyə verilməsi nəzərdə tutulur. Dövlət başçısının böyük diqqət və qayğısı ilə həyata keçirilən bütün bu tədbirlər ümumi təhsildə keyfiyyətin yüksəlməsinə öz töhfəsini verir, xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Dünya ölkələrində baş verən qeyri-stabil maliyyə vəziyyətlərinə baxmayaraq, son illərdə Azərbaycanda müəllimlərin əməyinin stimullaşdırılması sahəsində aparılan köklü islahatlar nəticəsində ümumtəhsil məktəblərində çalışan 140 min nəfərdən çox müəllimin vəzifə maaşı iki dəfə artırılıb, dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu təhsil siyasəti nəticəsində cəmiyyətdə müəllim nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Ölkə prezidenti İlham Əliyevin 2003-2017-ci illərdə imzaladığı sərəncamlarla təhsilin inkişafında müstəsna xidmətləri olan 2000-dək müəllim fəxri adlara və müxtəlif dövlət təltiflərinə layiq görülüb. Bu bir həqiqətdir ki, Azərbaycan müəllimləri hər zaman dövlət başçısının siyasətinin təbliğatçıları və dəstəkçiləri olub. Bu, bizim prinsipial mövqeyimizdir və həmişə də belə olacaq. Çünki İlham Əliyev ilk dəfə prezident seçilərkən “Mən hər bir vətəndaşın prezidenti olacağam” vədinə sadiqliyini əməli fəaliyyəti ilə sübut edib. Əziz həmvətənlər, siz qarşıdan gələn prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verməklə, müstəqil Azərbaycanın gələcəyinə, milli təhsilimizin aydın sabahına, müstəqilliyimizin qarantına, ölkəmizdə əmin-amanlığa səs vermiş olacaqsınız!”.

Femida.az

Açar sözlər: #Müəllim   #Seçki   #prezident  

Oxunub: 1642