Banklarla bağlı 25 cinayət işi açılıb


16:15     14 Fevral 2018 mehkeme_hakim.jpg

2016-cı il ilə müqayisədə 2017-ci ildə bank məsələləri və kreditlərin verilməsi ilə bağlı Prezident Administrasiyasına daxil olmuş müraciətlər azalıb.


Femida.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib. Onun sözlərinə görə, bəzi banklarda kreditlərin ödənilməsi ilə yanaşı, əmanətlərin verilməsində də müəyyən problemlər yaranıb: "Fəaliyyətindən şikayət edilən bankların bəziləri artıq bağlanıb, respublikanın bank sistemində problem doğuran səbəblər müvafiq qurumlar tərəfindən tənzimlənməyə başlanıb".

"Bank işçilərinin fəaliyyəti ilə əlaqədar daxil olmuş müraciətlər və digər materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən banklar haqqında 25 cinayət işi açılıb. Açılmış cinayət işlərinin təhqiqatının başa çatdırılması nəticəsində ayrı-ayrı bankların vəzifəli şəxslərinin yol verdikləri qanunsuzluq və mənimsəmə halları qismən aradan qaldırılıb, dövlətə və vətəndaşlara dəyən böyük məbləğdə zərərin xeyli hissəsinin ödənilməsi və qaytarılması təmin edilib. Məsələn, “Gəncəbank” ASC-nin vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək, onlar tərəfindən vurulmuş 14 milyon manatdan artıq maddi ziyanın 421 min manatdan çoxunun ödənilməsi təmin edilib və onların ümumi dəyəri 13 milyon manatdan çox olan əmlakı üzərində həbs qoyulub. Bundan başqa, “Bank Standart” Kommersiya Bankı üzrə başlanmış cinayət işinin yekununda 70 milyon manatdan çox dövlət borcunun ödənilməsi təmin edilib", - deyə S.İsmayılov vurğulayıb.

Femida.az

Açar sözlər: #Cinayət   #Məhkəmə   #Vətəndaş   #Borc  

Oxunub: 697