Sabah Bakıda nazirlərin dördüncü iclası keçiriləcək

Sabah Bakıda nazirlərin dördüncü iclası keçiriləcək

13:12     14 Fevral 2018 Baki%20(2)_50QCENAT1.jpg

Fevralın 15-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına hazırlıq işləri yekunlaşıb.


Energetika Nazirliyindən Femida.az-a verilən məlumata görə, toplantıda iştirak edəcək ölkələrin sayı dəqiqləşib. Məşvərət Şurasının IV iclasında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, "Cənub Qaz Dəhlizi" layihəsinə cəlb edilmiş ölkələrdən - Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvili, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Scalfarotto, Yunanıstanın ətraf mühit və energetika nazirliyinin nümayəndələri - Mixail Verroiopolos, Ludovikos Kotsonopoulos, Albaniyadan isə energetika və sənaye nazirinin müavini Enis Aliko iştirak edəcək.

ABŞ-ı Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio və Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson təmsil edəcək.

Monteneqronun enerji məsələləri üzrə dövlət katibi Nikola Vuyoviç, Xorvatiyanın Ətraf mühit və energetika nazirliyinin dövlət katibi İvo Milatiç, Bosniya və Hersoqovinadan isə xarici ticarət və iqtisadi əlaqələr nazirinin müşaviri Nedo Kapetina tədbirə qatılacaq. Məşvərət Şurasının iclasında ilk dəfə olaraq Türkmənistan və Rumıniya da iştirak edəcək. Türkmənistanı toplantıda Prezidentin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanı isə energetika nazirinin müavini Yuliyan Robert Tudorake təmsil edəcək.

Tədbirdə iştirakı dəqiqləşənlər arasında TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Luka Şieppatinin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də başqa regional prezidenti Qəri Counz olmaqla BP şirkəti geniş tərkibdə yer alıb. Bununla yanaşı, toplantıda Snam, Enagas, Axpo və Fluxys şirkətlərinin də iştirakı nəzərdə tutulub.

Beynəlxalq maliyyə qurumlarından isə tədbirə Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin enerji bölməsinin direktoru Aşok Bhargava, bankın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Nəriman Mannabekov, eləcə də layihə icracıları Yaqut Ertenliche və Səbinə Cəfərova qatılacaq.

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətinin tərkibinə isə bankın Şərqi Avropa və Qafqaz icraçı direktoru Françis Malige, Qafqaz, Moldova və Belarus üzrə regional direktor Bruno Balvanera, təbii sərvətlər üzrə direktor Erik Rasmussen, Rusiya, Qafqaz və Mərkəzi Asiyada enerji üzrə direktor Aida Sitdikova və baş bankir Veronika Krakoviç və Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte daxildir.

Femida.az

Açar sözlər: #Energetika   #Nazirlər  

Oxunub: 259