Prezident dövlət proqramını təsdiqlədi


23:08     14 Fevral 2018 2018/02/prezident5_1518620150_1518620999.jpg

Prezident İlham Əliyev fevralın 14-də “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, sərəncam ölkədə rəsmi statistikanın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsini, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsini və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsini təmin etmək məqsədi daşıyır.

Sərəncamla “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.

Dövlət Statistika Komitəsinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Maliyyə Nazirliyi Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədilə hər il dövlət büdcəsi tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Femida.az

Açar sözlər: #Prezident   #sərəncam  

Oxunub: 454