Komfortlu avtobus arzulayan sərnişinlərin “əl işləri” - FOTOLAR


15:05     15 Fevral 2018 2018/02/bus_7593391440.jpg

Sərnişindaşıma xidmətinin ən yüksək səviyyədə təşkil olunmasını, inkişafını arzulayır və tələb edirik. Əlbəttə bu hər bir sərnişinin haqqı olmaqla yanaşı, daşıyıcı şirkətin də qarşısında duran əsas vəzifədir.


Bu barədə Femida.az-a danışan “BakuBus”MMC-nin mətbaut xidmətinin rəhbəri Mansur Piriyev təəssüflə bildirib ki, xidmət sahəsinin yüksək səviyyədə təşkilinə maneə yaradan arzuolunmaz vərdişlərə, “zərərvericilərə” qarşı mübarizədə sərnişinlər bəzən kifayət qədər fəallıq göstərmir, vətəndaş mövqeyi ortaya qoymaq istəmir:

“Nümayiş olunan fotoşəkillərdəki qayda pozuntuları və avtobusa vurulan ziyan əslində ictimai maraqlara vurulan ziyandır. Təəssüf ki, bu hadisələr bəzən onlarla sərnişinin gözü önündə baş versə də həmin şəxslərə münasibət bildirilmir, qanunsuz əməllərə göz yumulur”.



M.Piriyev qeyd edib ki, ictimai marağa xidmət edən avtobusların təhlükəsizliyi və rahatlığı təkcə onların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür:

“Eyni zamanda, xidmətin daha kefiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz, saz vəziyyətdə saxlanılması vacib şərtlərdən hesab olunur. Təbii ki, bütün hallarla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin müəyyən olunması və hadisəyə hüquqi qiymətin verilməsi üçün tədbirlər həyata keçirilir. Ancaq bu kimi halların qarşısının əvvəlcədən alınmasında və “köhnə vərdişlərini” tərgidə bilməyən “zərərvericilərə” qarşı digər sərnişinlərin ortaya qoyduğu münasibət və ictimai qınaq xüsusi əhəmiyyət daşıyır.



Bir daha sərnişinlərimizi ictimai maraqlara xidmət edən nəqliyyat vasitəsinə -avtobusa maddi ziyan vuran, zədələyən və onun normal fəaliyyəti üçün maneə yaradan şəxslərə qarşı ictimai fəal vətəndaş mövqeyi ortaya qoymağa çağırırıq. Unutmaq olmaz ki, salonunda onlarla sərnişinin olduğu hər bir ictimai nəqliyyat vasitəsinin içərisində ictimai mühit var. Burada baş verən hadisə hər bir sərnişini maraqlandırmalı və ən azı öz rahatlığı, təhlükəsizliyi üçün lazım olan münasibəti ortaya qoymalı və ya aidiyyatı qurumlara məlumat verməlidir”.





Femida.az

Açar sözlər: #Bakubus   #Avtoobus    

Oxunub: 941