İnternetdən yüklədiyi vəsaiti kopyalayıb satanlar DİQQƏT!


16:55     15 Fevral 2018 2018/02/1365584121_elektron-kitabxana_1518684977.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini çərçivəsində yazıları davam etdirir. Bu dəfə mövzumuz müəllif hüquqları ilə bağlıdır. Təbii ki, hər bir təfəkkür məhsulu onu ərsəyə gətirən şəxsə məxsusdur. Lakin son dövrlər elektron formada plagiatçılıq müəllif hüquqlarının asanlıqla pozulmasına gətirib çıxarır.

Sual: Müəllif PDF formatında bir kitab yazır. Vergi ödəmək şərti ilə onu saytda satır. Kitabı almış şəxs onu qəsdən kopyalayır, müəllifinin icazəsi olmadan kitabı kopyalayıb yayır. Bu şəxsi qanunvericiliyə uyğun məsuliyyətə cəlb etmək olarmı?

Suala hüquqşünas Orxan Cəlilov aydınlıq gətirib:

Bu cür hallarla bağlı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu (maddə 15,24, 45, 46, 47), İnzibati Xətalar Məcəlləsi (maddə 185) və Cinayət Məcəlləsində (maddə 165) müəlliflik hüquqları ilə bağlı müddəalar var:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, müəllifin icazəsi olmadan əsərin surətini çıxarmaq və ya onu kütləvi nümayiş etdirməklə bağlı müəllif həmin hərəkətləri edən şəxslərdən bu hərkətlərin dayandırılmasını tələb edə və bu hüquqların müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə bu mübahisələrlə bağlı mülki-hüquqi müdafiənin ümumi vasitələri (məsələn qanunsuz hərəkətlərin dayandırılması), dəymiş zərərin ödənilməsi və s. istiqamətdə qərarlar çıxara bilər. Müəlliflik hüqunu pozmuş şəxs mülki məsuliyyətdən başqa, vurduğu zərərin dərəcəsindən asılı olaraq inzibati və ya cinayət məsuliyyətinə də cəlb oluna bilər. Bu qanunun 45-ci maddəsində göstərilir ki, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək kompensasiya ödənilməsi nəzərdə tutulur”.

Hüquqşünas kitabın kopyalanmasının bir halda qanun pozuntusu sayılmadığını deyir:

“Qanuni dərc edilmiş əsərdən gəlir götürmədən bəzi istifadə növlərinə yol verilir. Məsələn, şəxsi məqsəd üçün bir sayda nüsxənin çıxarılması, informasiya, elm, təhsil məqsədləri üçün istifadə və s”.

İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə görə, müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə, müəllifə 1000 manatadək ziyan dəyibsə, pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə 80 manatdan 150 manatadək məbləğdə cərimə edilir.

Cinayət Məcəlləsinin 165-ci maddəsinə görə isə, məlumat toplularından qeyri-qanuni istifadə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa, 1000 manatdan 12 min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlərlə cəza nəzərdə tutulur.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #maarifləndirmə   #müəllif   #məcəllə   #qanun   #hüquqşünas  

Oxunub: 2801