Bu şəxslər prezident seçkilərində iştirak edə bilməz

Bu şəxslər prezident seçkilərində iştirak edə bilməz

20:58     16 Fevral 2018 aspasecki.jpg

Azərbaycanda aprelin 11-də növbəti prezident seçkiləri keçiriləcək. Bu günə qədər seçkilərdə namizədliyi irəli sürülmüş 13 nəfərin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Hazırda ölkədə seçkiyə ciddi hazırlıq gedir, seçici siyahıları dəqiqləşdirilir.


Kimlər seçkidə seçici kimi iştirak edə bilməz?

Femida.az xəbər verir ki, ölkə qanunvericiliyinə əsasən 18 yaşına çatmamış Azərbaycan vətəndaşları seçmək, seçilmək, referendumda səs vermək, seçkilərin gedişini müşahidə etmək, seçkiqabağı təşviqatda iştirak etmək, bu Məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququna malik deyillər.

Azərbaycan Respublikasında 5 ildən az yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilməzlər.

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin II hissəsinə uyğun olaraq, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə referendumda iştirak etmək hüququndan - aktiv seçki hüququndan məhrumdurlar.

Vətəndaşların səsvermədə iştirak etmədikləri hallar

-Səsvermə günü təyyarələrdə və hava limanlarında, qatarlarda və dəmiryolu vağzallarında, ekspedisiyalarda olan vətəndaşlar həmin vaxt səsvermədə iştirak etmirlər.

-Səsvermə günü üzən gəmilərdə bu Məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin gəmidə olan vətəndaşlar səsvermədə iştirak etmirlər.

-Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (bundan sonra - neft platformalarında) səsvermə günü bu Məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin platformada olan vətəndaşlar səsvermədə iştirak etmirlər.

- Səsvermə günü xarici dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsul idarəsi mövcud deyilsə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsul idarəsində bu Məcəllənin 35.6-cı maddəsinə uyğun olaraq seçki məntəqəsi yaradılmayıbsa, həmin xarici dövlətdə olan Azərbaycan Respublikasının vətəndaşları səsvermədə iştirak etmirlər.

- Səsvermə günü xarici dövlətlərdə olan Azərbaycan Respublikasının vətəndaşları üçün Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.

-Səsvermə günü üzən gəmilərdə, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformalarında Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.

Femida.az

Açar sözlər: #Seçki   #Qanun   #Prezident    

Oxunub: 2032