“Ermənistanda hakimiyyət Qarabağ probleminin uzanması sayəsində mövqeyini qoruyur” - MÜSAHİBƏ


22:14     16 Fevral 2018 2018/02/9_1518790282.jpg


Hatəm Cabbarlı 1969-cu ildə Qərbi Azərbaycanda doğulub. Uşaqlığı Zəngibasar mahalının Çobankərə kəndində keçən Hatəm bəy daha sonra məlum hadisələrlə bağlı ailəsi ilə birlikdə Bakıya köçüb. 1991-1993-cü illərdə könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib. I Qarabağ müharibəsi qazisidir. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsindən, 2002-ci ildə Ankara Universiteti Sosial Elmlər İnstitutundan magistr dərəcəsi ilə məzun olub.

2008-ci ildə Türkiyədə Qazi Universitetində siyasi elmlər doktoru alimlik dərəcəsini alıb. Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədridir. Erməni dili və Ermənistan üzrə ekspert sayılır. 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə III dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

Femida.az Hatəm Cabbarlı ilə müsahibəni təqdim edir:

- Ermənistanın xarici siyasəti müstəqildirmi? Yoxsa, hansısa ölkələrdən asılıdır?
- Dövlətlər çalışır ki, xarici siyasəti müstəqil olsun. Amma çalışmaq o demək deyil ki, bunu bacarırlar. Ermənistanın geosiyasi , coğrafi mövqeyi və iqtisadi durumu onun müstəqil xarici siyasət yürütməsinə mane olur. Bu ölkə Cənubi Qafqazda dar, dağlıq, eləcə də yeraltı və yerüstü sərvətlərdən məhrum olmuş bir bölgəyə sıxışıb. Eyni zamanda Ermənistanın beynəlxalq nəqliyyat problemi də var ki, bu da onun müstəqil siyasət yürütməsinə mane olur. Hər şeydən əlavə ölkəni idarə edən qüvvələrin səriştəsizliyi da daha bir əngəldir. Ermənistan müstəqillik qazandıqdan bəri Rusiyanın himayəsi altındadır. Bildiyiniz kimi Rusiyanın bu ölkədə 102 saylı hərbi bazası var. Ermənistanın İran və Türkiyə ilə sərhədini, eyni zamanda mərkəzi hava limanını rus sərhəd qoşunları qoruyur. Ermənistan iqtisadi cəhətdən də Rusiyadan asılıdır. Ölkənin militarist siyasət aparması bütün qonşularla münasibətinin pisləşməsiylə nəticələnib. Odur ki, ermənilər Rusiyaya pənah aparıb. Təhlükəsizlik məsələsində də maliyyə problemlərinə görə Ermənistan yalnız Rusiyadan iri silahlar ala bilir.

- Ermənistanın xarici siyasətini 2 yerə bölsək: 2005-ci ilədək və 2005-ci ildən sonra. Bu dövrlər arasında hansı fərqlər var?
- Əslində bu dövrlər arasında ciddi fərq yoxdur. Xarici siyasətdə U dönüşü etdiyin zaman bu dəyişiklik hesab oluna bilər. Elə hər iki dövrdə Ermənistan militarist siyasət yürüdüb. Bu gün Dağlıq Qarabağda demoqrafik vəziyyət bərbaddır. Bölgədə 1 kişiyə 12 qadın düşür. Yəni insanlar bu bölgədən qaçır, xaricə işləməyə gedirlər. Bu iki dövr arasında Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair təşəbbüs görməmişik. Ermənilərin nə milliyətçiləri, nə tarixçiləri, nə siyasətçiləri bunu edir. Onlar yalnızca Azərbaycan əleyhinə təbliğatla məşğuldurlar.



- Son illər yaxınlaşan İran - Ermənistan əlaqələrinin perspektivini necə görürsüz?
- İran və Ermənistanın yaxınlaşması cırtdanın divlə oynamasına bənzəyir. İran Ermənistanla münasibətləri bu qədər yaxınlaşdırmaqda maraqlıdırmı? Deyil. Bu, sadəcə dövri yaxınlaşmadır. İranın maraqlarına xidmət edən bir yaxınlaşma. Ermənistanın İrana təklif edə biləcəyi heç nə yoxdur. İran vasitəsi ilə Yaxın Şərqə çıxışları var deyə bu yaxınlaşmada maraqlıdırlar. Amma bu çıxış çox baha başa gəlir. Çünki iki ölkə arasında ən ucuz nəqliyyat növü hesab olunan dəmiryolu xətti yoxdur. İki ölkə arasındakı siyasi münasibətlər də çox yaxşıdır deməzdim. Məsələn bir neçə ay əvvəl Ermənistanın Xarici işlər naziri Edvard Nalbadyan İsrailə getmişdi. Bu zaman İranın Xarici İşlər Nazirliyi açıqlama vermişdi ki, bölgədə sionist rejimin mövqeyinin möhkəmlənməsinə qarşıdırlar. Bu Ermənistana bir xəbərdarlıq idi.

- Erməni dilinin tədrisi Azərbaycanda nə qədər vacibdir?
- Biz Ermənisatanla müharibə şəraitindəyik və düşmənin dilini mütləq bilməliyik. Çünki bizim Xüsusi xidmət orqanlarımız var. Kəşfiyyatçılar təkcə qarşı tərəfə keçib məlumat toplamırlar. Həm də radio rabitə vasitələrində aparılan danışıqlarla da məlumatlar əldə etmək mümkündür. Amma bu dil geniş sahədə deyil, müəyyən bir qrup üçün nəzərdə tutulmalıdır. Gənclər bu dili öyrənsə, Müdafiə nazirliyi, Xarici Kəşfiyyat xidməti, Dövlət təhlükəsizlik xidməti, Sərhəd qoşunları, Xarici işlər nazirliyi və digər dövlət orqanlarında iş tapmaq şansları yüksəkdir.

- Bu dili bilən mütəxəssislər daha çox bizim hansı dövlət orqanımız üçün önəmlidir: XİN, DİN, DTX, yoxsa MN?
- Əslində bu qurumların hər biri üçün lazımdır. Bunlardan əlavə Dövlət Sərhəd Xidməti əməkdaşları arasında da bu dili bilənlər mütləq olmalıdır.

- Bəzən ermənilər Azərbaycan mahnılarını oğurlayıb, onu özününkü kimi təqdim edir, yaxud yeməklərimizi. Bəs ermənilərin özününküləşdirdiyi Azərbaycan kəlmələri çoxdurmu?
- Mən bəzən erməni musiqisi dinləyirəm. Bizim musiqilər üzərinə yazılmış ermənicə mahnını dinləyən hər bir azərbaycanlı dili bilməsə də, orada 50 faiz söhbətin nədən getdiyini anlayar. Məsələn “sənə qurban”, “alagöz”, “sarı ceyran” kimi ifadələri mahnılarda işlədirlər. Ermənilər qəribə və yazıq millətdir. Uzun illər əsarətdə yaşayıblar. Hər zaman məskunlaşdıqları bölgələrdə qonşuların milli dəyərlərini mənimsəməyə çalışıblar. Çünki əllərindən başqa bir iş gəlmir. Türklərə hər zaman köçəri deyən bir millət köçərilərə aid nə varsa, hamısını mənimsəyiblər. Məsələn, lavaş, qovurma, basdırma, qatıq, sac, qurud və s. bunlar hamısı köçəri xalqlara aiddir. Təxminən ötən əsrin 70-80-ci illərdində Amerikada erməni musiqisinə aid bir kitab çıxmışdı. Orada Qara Qarayevi erməni musiqiçi kimi təqdim etmişdilər.



- Ermənistan müstəqillik əldə etdikdən sonra 3 prezidenti olub. Levon ter Petrosyan, Robert Koçaryan, və Serj Sarkisyan. Bu 3 prezidentdən hansı daha çox Qarabağ problemi ilə bağlı ədalətli davranmağa çalışıb?
- Bu üç prezidentdən ən məntiqli və adekvat davrananı Ter Petrosyan olub. O, erməni xalqını yaxşı tanıyırdı. 1997-ci ildə Petrosyan Dağlıq Qarabağ probleminin həlli istiqamətində çox ciddi təşəbbüs göstərdi. Lakin onun özünün siyasi komandası bu təklifi qəbul etmədi. 1997-ci ildə onun “Müharibə və Sülh” adlı məktubu dərc edildi. O, bu məqalədə çox açıq şəkildə problemin niyə həll olunmasının vacibliyini qeyd edirdi. Lakin komandası buna dəstək olmadı deyə istefa vermək məcburiyyətində qaldı. İkinci təşəbbüs 1998-ci ildə olmuşdu. Bir qrup terrorist Ermənistan parlamentinə girib baş naziri, parlamentin sədrini və 3 naziri öldürmüşdü. O zaman parlamentin sədri Karen Dəmirçiyan idi. O, Qarabağ məsələsinin sülh yolu ilə həllinin tərəfdarı idi. Lakin bu hadisədən sonra Qarabağın qaytarılması məsələsi gündəmdən qalxdı. Çünki hər kəs buna tərəfdar olan şəxslərin aqibətinin necə bitdiyini gördü. Koçaryandan sonra gələn Ser Sarkisyan isə, bildiyiniz kimi Azərbaycan SSRİ vətəndaşı olub. O, siyasi arenanı elə bir mürəkkəb hala gətirdi ki, Ermənistanda hakimiyyətdə olan güc sırf Qarabağ məsələsinin həll olunmaması sayəsində hakimiyyətdə qalır.

- Bir az da dəqiqləşdirsək...
- Adətən ölkənin inkişafı üçün müharibəni bitirib sülh müqaviləsi bağlayan hakimiyyətdə qalır. Lakin Ermənistanda tam əksinədir. Sülh müqaviləsinin imzalanmaması üçün çalışan şəxs hakimiyyətdə qalır. Ermənistan ictimaiyyətində belə bir fikir təlqin edilir ki, Qarabağ Azərbaycan qaytarılsa, Azərbaycan bununla yetinməyəcək. Bu da vaxtın uzadılması üçün bir bəhanədir.

- Əgər Ermənistanda mövcud hakimiyyət desə ki, biz Qarabağı geri qaytarırıq, sizcə, xalq hakimiyyəti daşqalaq edər?
- Xeyr, əksinə məmnun olar. Amma hakimiyyət bunu bir günün içində edə bilməz. Alışdıra-alışdıra etməlidir. Ermənistanda müəyyən siyasi qüvvələr var ki, Dağlıq Qarabağ probleminin həll olunmamasına görə siyasi və maddi divident qazanırlar. Lakin məntiqli və öz xalqının gələcəyini düşünən siyasi iqtidar əvvəl-axır yola gəlməlidir.

- Problemin həllinin yubanmasında din faktoru hansı rolu oynayır?
- Ermənilərin xristian olmaları onlara Avropa və Amerikada daha rahat təbliğat aparmağa imkan verir. Erməni lobbisi xaricdə yaxşı işləyir. Hansı ki, ABŞ-da yəhudi və yunan lobbisindən sonra ən güclü lobbi ermənilərindir. Amma zənnimcə burada din amili başlıca rol oynamır, daha çox milliyətçilik ideologiyası ön plana çıxır. Bu lobbinin 150 illik tarixi var. 18-ci əsrin sonlarından etibarən ora gedən tacir ermənilər lobbini formalaşdırmağa başlayıb. Amerikada 1 milyondan çox erməni yaşayır. Lakin bu bizi həvəsdən salmamalıdır. Çünki son illər Azərbaycan diasporunun da Avropa və Amerikada böyük işlər gördüyünü görmək mümkündür.



- Çox gümanki növbəti 5 ildə də Sarkisyan Ermənistana rəhbərlik edəcək. Qarabağ probleminin növbəti 5 ildəki durumunu necə görürsüz?
- Bu durum əslində çox davam etməməlidir. Lakin Rusiya birmənalı olaraq Ermənistanı dəstəklədiyinə görə, Fransa və ABŞ da o cümlədən dəstək göstərdiyi üçün problemin həlli yubanır. Sadaladıqlarım Minsk qrupunun həmsədr ölkələridir. Onlar da yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Lakin onlar Ermənistanı özündən asılı saxlamaq üçün bu problemin həllində maraqlı deyil. Fikir verin, həmsədr dövlətlərin keçmiş postsovet məkanında hamısının mənafeyninin üst-üstə düşdüyü, heç bir fikir ayrılığı yaşamadığı yeganə problem Dağlıq Qarabağdır.

- Elə isə bu dövlətlərin Ermənistanı qorumaqda marağı nədir?
- Fikir verin, Rusiya Ukraynanın şərqində sabitliyi pozub. Lakin Rusiya rəsmi şəkildə deyir ki, orada bizim hərbçilərimiz yoxdur. Amma hər kəs də bilir ki, Donbas və digər bölgələrdə rus hərbiçiləri var. Buna görə ABŞ Rusiyaya iqtisadi və siyasi sanskiyalar tətbiq edir. Ermənistanın etdiyi də eyni şeydir. Torpaqlarımızı işğal edib, amma onlara sanskiya tətbiq olunmur. Çünki bu ABŞ-ın, eləcə Rusiyanın marağında deyil. Bunun da səbəbi xüsusilə Rusiyanın Ermənistandan Cənubi Qafqaza nəzarət üçün bir məntəqə kimi istifadə etməsidir. Məsələn Rusiyanın Ermənistanda böyük hərbi bazası var. Onlar bu bazadakı raketlərlə sadəcə Türkiyə və İranı nəzarətdə saxlamır, eyni zamanda Orta Şərqdə cərəyan edən hadisələrə də müdaxilə imkanına sahibdir.

- Cavablarınız üçün təşəkkür edirəm.
- Mən təşəkkür edirəm.

Müsahibə: Amin Nəzərli
Fotolar: Elvin Abdulla


Femida.az

Açar sözlər: #HatəmCabbarlı   #müsahibə   #Ermənistan   #siyasət   #dil   #Azərbaycan   #Qarabağ  

Oxunub: 11153


Oxşar xəbərlər