İş yoldaşına "torba tikənlər" - Sovetdən qalma adətin hüquqi əsası varmı?


16:21     17 Fevral 2018 18_02_17_1518855633.jpg

Bəzən hər hansı qurumda rəhbərliklə arasında problem olan və ya rəhbərlikdən daha yuxarı instansiyalara şikayət edən şəxs haqqında həmin qurumun rəhbəri digər işçilərə zorla, vəzifə səlahiyyətlərindən istifadə edərək ərizə yazdırır, imza topladır. Şikayətçinin əleyhinə toplanan imzanın və ya məktubların hansı hüquqi əsası var?

Femida.az vətəndaşlara hüquqi yardım layihəsi çərçivəsində bu dəfə yuxarıda qeyd edilən məsələni araşdırıb.

Hüquqşünas Adəm Məmmədov bildirib ki, bu münasibətlər Əmək Məcəlləsinə və müəssisənin daxili intizam qaydalarına əsasən, tənzimlənir. Yaxud , hüquq mühafizə orqanəndan söhbət gedirsə, “Qulluq Keçmə” haqqında Qanuna da istinad olunur:

“Reallığa qalsa, bu ərizələr məcburi yazdırılır. Lakin adını könüllü ərizə qoyurlar. Rəhbərliyin təzyiqindən sonra öz iş yoldaşının əleyhinə ərizə yazması vicdan məsələsidir. Onlar bunu etməklə rəhbərliyin alətinə çevrilirlər. Bununla belə işdən çıxarılmanın əsasları var. İşçinin əleyhinə dair ərizələr olsa belə, mütləq araşdırma aparılmalıdır. Çünki işçilərin kütləvi şəkildə bir işçinin əleyhinə ərizə yazması və ya imza toplaması onun işdən çıxarılması üçün əsas ola bilməz.



Amma nəzərə almaq lazımdır ki, kimsə təhdid nəticəsində məktub yazıb altından öz imzasını çəkirsə, sonra bunun məhkəmədə təhdid altında yazıldığını sübut etmək çətin olur. Hesab edirəm ki, danışdığımız məsələdə də analoji situasiya ilə qarşılaşırıq. Onların verdiyi ərizələr məhkəmədə işin spesifikliyindən asılı olaraq sübut kimi götürülə bilər.

Hər bir halda ərizəni yazan iş yoldaşı bunu etməzdən öncə düşünməlidir. Çünki sabah onun da başına eyni hadisənin gəlməsindən sığortlanmayıb. Bu gün onun iş yoldaşına etdiyini, sabah başqa iş yoldaşları ona qarşı edə bilər”.

Adəm Məmmədov buna bənzər başqa bir halı da qeyd edib:

“Bəzən rəhbərlik tərəfindən işçiyə təzyiq edilir ki, işdən öz xahişi ilə çıxmasına dair ərizə yazsın. Belə hallarda ərizənin yazılma müddətindən bir ay keçməyibsə, işçi ərizədən imtina edə bilər. Nəticədə işə götürən onu işdən azad edə bilməz”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #hüquqşünas   #vəkil   #vətəndaş   #iş   #femida   #AdəmMəmmədov  

Oxunub: 5153