Ehtiyatda olan zabitlərin pulsuz müalicə hüququ - Qanunda hansı boşluq var?


20:03     19 Fevral 2018 2018/02/Prezident_ve_esgerler-(1)_1519041883.jpg

Femida.az vətəndaşalar hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim edəcəyimiz mövzu hərbi qulluqçuların tibbi müayinə və müalicə hüquqları ilə bağlıdır.



Xidmət keçdikləri dövrdə hərbi qulluqçular tibbi xidmətlərdən tam maneəsiz və pulsuz istifadə edə bilsələr də, xidmətdən sonra bəzi xoşagəlməz hallar yaşanır.

Aprel döyüşləri zamanı ağır yaralanan və hazırda ehtiyatda olan kapitan Hikmət Məmmədov saytımıza açıqlamasında bildirib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında pulsuz müalicə almaq istəsə də, maneə ilə rastlaşıb. Onun sözlərinə görə, hospital əməkdaşları yalnız mayor rütbəsində və daha yüksək rütbələrə sahib hərbçilərin hospitalda pulsuz müalicə və müayinə hüququnun olduğunu bildiriblər.





Ehtiyatda olan zabit qeyd edib ki, hospitalın əməkdaşları bunu mövcud əmrə əsasən bildiriblər.

“ Bildiyiniz kimi mən aprel döyüşləri zamanı başımdan zədə almışam. Bu vaxta kimi bütün müayinə və müalicəm dövlətin hesabına həyata keçirilib. Bu yaxınlarda hərbi hospitala müalicə üçün müraciət etdim. Orada mənə ildirdilər ki, yalnız mayor və daha yüksək rütbəli şəxslərin burada pulsuz müalicə almaq hüququ var. Buna baxmayaraq hospitalın həkimləri məni pulsuz müayinəyə qəbul etdilər. Hesab edirəm ki, bu qaydalara dəyişiklik edilməlidir.”, deyə ehtiyatda olan kapitan bildirib.


Femida.az məsələnin hüquqi tərəfini araşdırıb.

Qanunla hərbçilərin hansı hallarda tibbi xidmətlərdən pulsuz istifadə etmək hüququ var?


Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununda hərbçilərin sağlamlığının mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququnun olduğu qeyd olunur. Həmin qanunda hərbi qulluqçuların sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüququna malik olmaları göstərilir. Yuxarıda da qeyd etdiyimiz kimi hərbi qulluqçuların bu hüquqları xidmət dövründə tam maneəsiz və problemsiz təmin olunur.

Hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda idarə mənsubiyyətindən asılı olmayaraq bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilir.





Hərbi qulluqçuların ailə üzvlərinin hərbi hospitalda müalicə almaq hüququ varmı?

Qanunda qeyd olunur ki, hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki səhiyyə idarələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi qulluqçularla yanaşı hərbi-tibbi idarələrdə tibbi yardımın bütün növləri ilə təmin edilir.

Hərbi qulluqçular və onların ailə üzvləri (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi hüququna, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin olunmaq hüququna malikdirlər.


Silahlı Qüvvələrdən ehtiyata buraxılan hərbçilərin pulsuz müalicə hüququ saxlanılırmı?


Femida.az –ın araşdırması zamanı məlum olubki, qanunun bu hissəsində müəyyən boşluq var. Belə ki, qanunda 20 il və daha çox xidmət keçmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının),vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanıldığı qeyd olunur.

Bu maddədə göstərilən və mülki idarə, müəssisə və təşkilatlara ezam olunmuş (orada işləmiş) və ehtiyata və ya istefaya buraxılmış baş və ali zabit heyətindən olan şəxslər və onların ailə üzvləri də bilavasitə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən buraxılmış şəxslərlə bərabər hüquq, güzəşt və üstünlüklərə malikdirlər. Əgər göstərilən şəxslər üçün müəyyən olunmuş qaydada ehtiyata və ya istefaya buraxılana qədər qeydiyyatında olduqları poliklinikalardan istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüququ saxlanılarsa onda, poliklinikalar tərəfindən onlara və onların ailə üzvlərinə sanatoriya və istirahət evlərinə verilən putyovkaların haqqının ödənilməsindəki güzəştlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Hərbi qulluqçular və onların ailə üzvləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq güzəştlərdən istifadə edirlər.

Bu isə müharibə və döyüşlər zamanı yaralanmış və 20 ili tamam olmadan ehtiyata buraxılmış hərbi qulluqçuların bu xidmətlərdən istifadə etməsinin məhdudlaşdırılması deməkdir.


Ehtiyatda olan polkovnik Xətai Baxışov mövzu ilə bağlı Femida.az -a münasibət bildirib. Peşəkar zabit həqiqətən də, qanunda boşluğun olduğunu və yenidən işlənməsinin zəruriliyini qeyd edib.


“ Müdafiə nazirinin müvafiq əmri ilə ordudan ehtiyata buraxılan zabitlərin hospitalda pulsuz müalicə almaq hüququ qeyd olunur. Amma burada bir sıra hallar var. Bunlardan biri 20 ildən artıq qulluq etmiş zabitlərin öz istəyi ilə ordudan getdiyi halda pulsuz müalicə hüququnun saxlanılmaması ilə bağlıdır. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil. 20 ildən artıq orduda xidmət etmiş zabit öz ərisə ilə ordudan uzaqlaşırsa, niyə pulsuz müalicə hüququ olmasın ki?.Yaxud da mayor rütbəsindən aşağı olan zabitlərin hospitalda pulsuz müalicə ala bilməməsi düzgün yanaşma deyil. ”



Xətai Baxışov həmçinin mövcud qanuna düzəlişlərin və əlavələrin edilməsini də təklif edib.

“ Hesab edirəm ki, cənab nazirin müvafiq əmrinə əlavələr və dəyişikliklər edilə bilər. Hospitalda ödənişsiz müalicə olunacaq şəxslərin siyahısına ehtiyata buraxılan hərbçilərin ailə üzvlərinin, ata-analarının da əlavə edilməsi zəruridir. Çünki onlar da yaxın ailə üzvləri hesab olunur.”


Mircəlal Məcidli
Femida.az


Açar sözlər: #Qanun   #Müdafiə   #Nazirlik   #Ordu   #zabit   #Hospital   #Müalicə  

Oxunub: 15985