Qadağan olunmuş Azərbaycanın filminin təqdimatı olacaq


19:10     20 Fevral 2018 2018/02/Bir_Ailə_(1943)_1519125150.jpg

Martın 1-də Nizami Kino Mərkəzində Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimatı olacaq. Filmin təqdimatı, ekran əsrinin ssenari müəllifi görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 110, bəstəkar Qara Qarayevin isə 100 illiyinə təsadüf edir.


Təqdimat mərasimi Nizami Kino Mərkəzi ilə Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən “Ədibin evi”nin birgə təşkilatçılığı ilə reallaşacaq.

1943-cü ildə Bakı Kinostudiyasında istehsal edilən film İkinci Dünya müharibəsində qələbə naminə Azərbaycan neftinin rolu və xalqımızın vətənpərvərliyindən bəhs edir.

Rejissorlar Qriqori Aleksandrov, Mikayıl Mikayılov və Rza Təhmasibin ekranlaşdırdığı “Bir ailə” tammetrajlı bədii filmində rolları Xosrov Məlikov, Mərziyyə Davudova, Hökümə Qurbanova, Lyubov Orlova və başqaları canlandırıblar. Əlisəttar Atakişiyev, Əsgər İsmayılov kimi operatorların, Mirzə Rəfiyev kimi rəssamın da daxil olduğu yaradıcı qrupa filmin çəkilişi o vaxtkı ağır durumda çox çətin başa gəlib. Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir. Ekran əsərinin nümayişi 1953-cü ilədək qadağan olunub.

Filmdə duz-çörəkli Bakıdan, onun faşizm üzərində qələbə üçün hər şeyini qurban verməyə hazır olan çoxmillətli sakinlərindən bəhs edilir. Filmin ssenarisi müharibədə olan azərbaycanlı tankçı Nacarın bir günlük məzuniyyət zamanı vurulduğu Katya adlı rus qıza məhəbbəti ətrafında qurulub. Katya rolunu Lyubov Orlova, Nacar rolunu isə görkəmli aktyor Xosrov Məlikov ifa edib.

Kinoşünas Aydın Kazımzadə “Azərbaycan kinematoqrafçıları” kitabında filmlə bağlı belə bir maraqlı faktı qeyd edib: “Çəkiliş zamanı səhnələrdən birində tankın partladılması lentə alınmalıydı. Rejissorun və Orlovanın xahişi ilə meydana hərbi hissədən tank gətirilir. Rejissorlara tankın çəkilişdən sonra hərbi hissəyə göndəriləcəyi deyilir. Partlayış saxta olmalı, səhnəni müxtəlif nöqtələrdən dörd kamera çəkməliydi. Amma tank həqiqətən partlayır. Həyəcan siqnalı çalınır və partlayış səsinə yaxınlıqda yerləşən hərbçilər gəlirlər. Bir göz qırpımında çəkiliş meydanı əhatəyə alınır. Partlayış vaxtı dörd kameradan üçü işləmir. Çünki partlayışdan şok yaşayan operatorlar kameranı işə sala bilmirlər. Yalnız operator Koretski özünü itirməyib və çəkilişi davam etdirib. Beləliklə, cəbhəyə göndəriləcək tank məhv olub...”

Qara Qarayevin bəstəkar, Mirzə Babayevin aktyor-müğənni kimi ilk kino işi olan “Bir ailə” filmi yalnız 1990-cı illərdə telekanallardan birində nümayiş etdirilib. Sovet arxivlərindən tapılan sənəddə filmə qadağa qoyulması ilə bağlı yazılıb: ”Bir ailə” kinofilmində Böyük Vətən müharibəsi və həmin müharibədə Kommunist Partiyasının rolu kifayət qədər əks olunmayıb”... Səbəb aydındır: Mir Cəlal Paşayev öz ssenarisində göstərirdi ki, müharibənin bütün yükü sadə xalqın üzərinə düşür. O, öz çörək payını da Bakıya təxliyə edilmiş rus, Ukrayna, belorus, latış və s. millətlərin nümayəndələri ilə bölüşən Azərbaycan xalqının qonaqpərvərliyindən, fədakarlığından bəhs edirdi. Amma ssenaridə partiya fəallarının mənəviyyat moizələrinə, nitqlərinə yer verilməmişdi... Məsələnin kökündə həm də Azərbaycana qarşı müstəmləkəçi və qısqanc baxış da dayanırdı. Elə Bakıya Qəhrəman şəhər adı verilməməsinin də səbəbi bu idi.../azertag.az/

Femida.az

Açar sözlər: #Film   #Nümayiş  

Oxunub: 1476