Valideyn övladına bağışladığı evi geri ala bilərmi? – Hüquqi yardım

Valideyn övladına bağışladığı evi geri ala bilərmi? – Hüquqi yardım


20:34     20 Fevral 2018 18_02_20_1519130099.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə mövzumuz valideyn və övlad arasındakı bağışlanma əqdi ilə bağlıdır. Redakisyamıza müraciət edən Sevil Bəkirova belə bir sual ünvanlayıb: “Əgər ata öz şəxsi evini qızına pay verirsə, üstündən 11 ay keçdikdən sonra geri qaytara bilərmi?”


Suala hüquqşünas Yaqub Bağırov aydınlıq gətirib. O bildirib ki, ümumiyyətlə bağışlama müqaviləsinə əsasən, bəzi hallar istisna olmaqla bağışlamadan imtina edilə bilməz, çünki bağışlamaq müqaviləsi əvəzsiz əqddir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarı var:

“İstisna hallar isə bir neçədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi (Bağışlamaqdan imtina) sırf bu məsələyə aydınlıq gətirir. Bu qanuna görə, hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:

- hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;
- hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;
- bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər:

- Vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə;
- vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda.

İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər”.

Hüquqşünas onu da əlavə edib ki, bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #hüquqiyardım   #vətəndaş   #hüquqşünas   #ev   #mülk   #əmlak   #qanun   #vəkil   #məcəllə  

Oxunub: 3282