"Bu vəbadan birdəfəlik qurtulmaq lazımdır" - Siyavuş Novruzov


03:31     21 Fevral 2018 siyavuş7.jpg

"Biz məsələ qaldırmışıq ki, parlamentdə həm Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, həm Ümummilli Liderin 95 illiyi ilə əlaqədar olaraq çox geniş bir amnistiya olsun və bu, bütün təbəqələri əhatə etsin. Orada yaşlı insanlardan, himayəsində uşaq olan qadınlardan, ən əsası Azərbaycanın müstəqilliyi və azadlığı, ərazi bütövlüyü uğrunda vuruşmuş, sonradan ehtiyatsızlıqdan, hər hansı bir səbəbdən cinayət törətmiş şəxslərdən söhbət gedir".

Femida.az xəbər verir ki, Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb: "Siyasi baxışlarına görə heç kəs məsuliyyətə cəlb olunmayıb. Kimin hansı partiyanın üzvü olması, hansı mətbuat orqanın rəhbəri olması və yaxud da hansısa dini cərəyana qoşulması onu qanunu pozmaqdan sığortalamır".

"Bu insanları öyrədirlər ki, siz gedin cinayət törədin və əgər sizə qarşı hər hansı bir qanuni tədbir görüləcəksə, biz bəyanat verəcəyik və sizi siyasi məhbus kimi təqdim etməyə çalışacağıq. Bununla da müxtəlif seçkilərdə, qalan dövrlərdə Avropa strukturları ilə bizim aramızda yaranan xoş münasibətlərə, Avropaya doğru inteqrasiyaya, Avropa İttifaqı ilə bizim həyata keçirdiyimiz layihələrə əngəl törətməyə çalışırlar. Və məhz bunları nəzərə alaraq, mən belə bir ideya ortaya atmışam ki, bu adamları birdəfəlik azad edək, bu vəba xəstəliyindən birdəfəlik biz qurtaraq" — S.Novruzov bildirib.

Millət vəkil qeyd edib ki, bu addımdan sonra həmin dairələrin daha hansı təzyiq metodları düşünəcəklərinə baxılacaq: "Yəni əgər insan hüquqlarından danışırıqsa, müharibə bölgələrində nə qədər uşaqların hüquqları pozulur, insanların hüquqları pozulur. Elə Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün bütün hüquqlarından məhrum olub. Mülkiyyət hüququndan tutmuş digər hüquqlarına qədər. Xocalıda insanlar bütün hüquqlarından məhrum olundular və onlara olmazın işgəncələr verilib".

"Bununla bağlı beynəlxalq təşkilatlar bir kəlmə fikir söyləmirlər. Amma bir adam öz yazısında kimi isə təhqir edibsə və yaxud da qanunsuz əməl, cinayət törədibsə, qeyri-qanuni yollarla Azərbaycana pul gətirib və bundan ölkəmizdə yaranmış ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirsə, buna dərhal siyasi məhbus donu geyindirirlər", — müsahibimiz vurğulayıb.

S.Novruzovun sözlərinə görə, bir sıra siyasi partiyalar da bunu alver predmetinə çevirmişdilər: "Məsələn, mühacirlik statusu almaq üçün saxta arayışların verilməsi kimi. Bunların hamısının üstü açıldı. Artıq Respublika Prokurorluğunda bununla bağlı ciddi işlər gedir, cinayət işi qaldırılıb. O cümlədən, heç bir partiyanın üzvü olmaya-olmaya götürüb ona filan partiyanın adından hər hansı bir arayışın verilməsi. Guya ki, həmin şəxs bu partiyanın üzvü olduğuna görə məsuliyyətə cəlb edilib".

"Halbulki çox ciddi cinayətlər törədib. Biz bunların hamısının şahidiyik. Valideynlərindən pul almaq qarşılığında onların adını siyasi məhbus deyə yazdırırdılar. Halbuki, Azərbaycanda hüquq müdafiə təşkilatları bu adamları tanımırdılar. Və yaxud da Azərbaycanda metro partladan Əlikram Hümbətov kimi insanlar siyasi məhbus kimi qələmə verilirdi. Hansı ki, metronu partlatmış və nə qədər insanın orada həlak olmasına səbəb olmuşdu. Bunun harası siyasi məhbusdur? Hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq, adam konkret cinayət törədib, insan öldürüb. Orada uşaq, qadın, yaşlı insanlar da vardı, hər cür millətin nümayəndəsi vardı. Bu cür insana götürüb siyasi məhbus statusu vermək gülüncdür. Yəni bu, artıq bəlli idi ki, təzyiq metodudur. O baxımdan da bunu qəbul etməklə biz bu təzyiq metodlarından tamamilə uzaqlaşa bilərik", — deyə o bildirib.


Femida.az

Açar sözlər: #SiyavuşNovruzov   #YAP  

Oxunub: 999