Tələbəni öldürən şəxslərin məhkəməsidir


16:15     21 Fevral 2018 1398947325_mehkeme.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tikinti şirkətinin mühafizəçisini öldürməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun məhkəməsi başlayıb.

Femida.az xəbər verir ki, hakim Şəkər Məmmədovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Proses fevralın 28-də davam etdiriləcək.

Xatırladaq ki, 2017-ci ildə paytaxtın Nəsimi rayonunda Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. İlk olaraq onun avtomobillə vurulması barədə məlumat yayılıb və ölümlə nəticələnən yol qəzası törətmək, hadisə yerindən qaçmaq maddələri ilə cinayət işi açılıb. Lakin kameralara baxış zamanı hər hansı yol qəzası qeydə alınmayıb.

Buna görə də araşdırmalar qətlə motivi üzərində davam etdirilib. Nəticədə məlum olub ki, 2 nəfər naməlum şəxs tikinti şirkətindən oğurluq etmək istəyərkən S.Mehdiyevin müqaviməti ilə üzləşiblər. Bu zaman onlar arasında əlbəyaxa dava düşüb. Bu münaqişə də təhlükəsizlik kameralarında lentə alınıb. Həmin 2 şəxs Samiri döyərək öldürüblər.

Araşdırmalarla həmin şəxslərin hər ikisi əvvəllər məhkumluq həyatı yaşayan Rəşad Həsənov və Aftandil Məmmədov olduğu müəyyən edilib. Hər iki şəxs saxlanılaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlar istintaqa ifadələri zamanı qətli törətdiklərini etiraf ediblər.

Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham ediliblər.

Femida.az

Açar sözlər: #Cinayət   #Tələbə   #Məhkəmə   #Hakim   #Vəkil  

Oxunub: 3435