“Kütləvi çıxarış” kampaniyası - Ağdamda


19:01     21 Fevral 2018 2018/02/15192098293980414847_1000x669_1519210272_1519211176.jpg

Fevralın 21-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Ağdam rayonunun Qaradağlı, Əfətli, Çəmənli və Sarıcallı kəndlərində “Kütləvi çıxarış” kampaniyası keçirilib. Kampaniya çərçivəsində rayonun həmin kəndlərindən olan 220-yə yaxın sakinə qeydiyyatla bağlı xidmət göstərilib.


Komitədən Femida.az-a bildirilib ki, qeydiyyat xidmətlərinin birbaşa olaraq cəbhə bölgələrində göstərilməsi sakinlərin əmlaklarına dair rahatlıqla sənəd əldə etməsinə imkan yaradıb. Cəbhə bölgəsində yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması, dövlət qurumları tərəfindən göstərilən ictimai xidmətlərdə, o cümlədən dövlət əmlakının sənədləşdirilməsində əlçatanlığın, operativliyin təmin olunması dövlətin daim diqqət mərkəzindədir. Onların maksimum rahatlığının təmin olunması, məmnunluğunun artırılması üzrə bir çox sahələrdə mühüm tədbirlər keçirilir. Daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən olan “Kütləvi çıxarış” kampaniyasının cəbhə bölgəsində təşkili də bu qəbildəndir.

Xidmət göstərilən vətəndaşlar arasında Qarabağ müharibəsi veteranları, şəhid ailələri də olub. Qaradağlı kəndindən 75, Əfətlidən 60, Çəmənlidən 50, Sarıcallıdan isə 35 ailə səyyar xidmətlərdən yararlanıb. 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib. Kampaniya çərçivəsində bir neçə Qarabağ müharibəsi əlilinə, şəhid ailəsinə birbaşa evlərində qeydiyyat xidmətləri göstərilib. Onların bəzilərinə əmlaklarına dair çıxarışlar təqdim olunub, bəzilərindən isə ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib.

Eyni zamanda, rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, eləcədə kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Bu məqsədlə, həmçinin 70-ə yaxın sakindən əmlaklarına dair ilkin sənədlər toplanıb.

Vətəndaşlara çıxarışlar təqdim olunmaqla yanaşı, 50-yə yaxın kənd sakininə hüquqi yardım xidmətləri də göstərilib. Qeydiyyatla bağlı həyata keçirilən yeniliklər, əhalinin işini asanlaşdıran elektron xidmətlər, eləcə də “bir pəncərə” prinsipi barəsində məlumat verilib. Kampaniya vətəndaş məmnunluğuna səbəb olub. Onlar göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər.

Çıxarışlar verilməzdən əvvəl komitə əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə yerindəcə ilkin sənədlər toplanıb. Xüsusi qurğular vasitəsilə mühəndislik işləri həyata keçirilib. Belə ki, əmlakın müayinəsi, çöl-ölçmə işləri aparılıb, texniki plan-ölçüləri müəyyənləşdirilib.

Bu kampaniya sakinlərin daşınmaz əmlaklarını rahatlıqla qeydiyyata almaqla yanaşı, həm də vətəndaşların mülkiyyət hüquqlarının və əmlaklarının dövlət tərəfindən qorunmasının göstəricisidir. Belə tədbirlər cəbhə bölgəsində əhalinin öz əmlaklarının daha aktiv şəkildə iqtisadi proseslərə cəlb edilməsinə, iqtisadi fəaliyyətin stimullaşdırılmasına, leqal əmlakların sayının artmasına imkan verir. Eyni zamanda, həmin ərazilərdə daşınmaz əmlak bazarının daha da inkişafına, canlanmasına şərait yaradır.

Qeyd edək ki, “Kütləvi çıxarış” kampaniyası paytaxtla yanaşı, regionları, hətta ucqar kəndləri əhatə edir, tarlalarda, əkin biçin sahələrində, iş yerlərində keçirilir. Yaşlı, fiziki imkanları məhdud, tənha şəxslərə birbaşa evlərində qeydiyyat xidmətləri göstərilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların maksimum rahatlığını təmin etməyə yönələn tədbirlər, sosial layihələr davam etdiriləcək, ictimai xidmətlərdə vətəndaş məmnunluğu daha da artırılacaq.

Femida.az

Açar sözlər: #Ağdam   #Əmlak  

Oxunub: 1014