Azərbaycanda neçə Milli Qəhrəman var?


20:08     21 Fevral 2018 18_02_21_1519215024.jpg


Martın 1-dən Azərbaycanın Milli Qəhrəmanı üçün prezident təqaüdünün aylıq məbləği 200 manat artırılaraq 1500 manat müəyyən edilir. Fərmanı dövlət başçısı İlham Əliyev fevralın 20-də imzalayıb.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fevralın 21-də bəyan edib ki, Milli Qəhrəman üçün prezident təqaüdünün artımına ilin sonunadək dövlət büdcəsindən 360 min manat əlavə vəsait ayrılacaq.

Nazirlik neçə Milli Qəhrəmana və ya onun ailə üzvünə prezident təqaüdü ödəndiyi haqda bilgi verməyib.

Novator.az bildirir ki, Milli Qəhrəman üçün prezident təqaüdündə artım martın 1-dən tətbiq olunacaq, yəni qarşıdakı 10 ayın hər birində dövlət büdcəsindən 36 min manat gedəcək. Bu məbləği prezidentin 20 fevral fərmanı ilə rəsmiləşən artım məbləğinə (200 manat) böləndə 180 eləyir. Yəni hazırda 180 nəfərin prezident təqaüdü aldığını söyləmək mümkündür.

Prezident təqaüdü 2005-ci il avqustun 1-dən verilir. Təqaüdün məbləği hazırda 1300 manatdır. Milli Qəhrəman adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə prezident təqaüdü həmin şəxslərin bu ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənir: Milli Qəhrəman adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə.

Azərbaycanın Milli Qəhrəmanı adı 1992-ci il martın 25-də təsis edilib. Əsasnaməsinə görə, Milli Qəhrəman ölkənin ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycanın müstəqilliyi, tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Milli Qəhrəmana “Qızıl Ulduz” medalı təqdim edilir. Eyni şəxs Milli Qəhrəman adını bir dəfə ala bilər.

Rəsmi mənbələr hazırda Azərbaycanda neçə Milli Qəhrəmanın olduğunu (o cümlədən neçəsinin sağ olduğunu) bildirmir. 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanmış “Milli Qəhrəmanlarımız” kitabı təqdim olunub. Kitabda Azərbaycanın ərazi bütövlüyünün, konstitusiya quruluşunun müdafiəsi uğrunda xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülmüş 211 nəfər haqqında məlumatlar yer alıb. Həmin il 3 nəfər, 2017-ci ildə 1 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu hesabla 215 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adı daşıdığını söyləmək olar.

Novator.az xatırladır ki, 1994-cü ildə Surət Hüseynov, 2001-ci ildə Rasim Əkbərov Azərbaycanın Milli Qəhrəmanı adından məhrum ediliblər.

Açar sözlər: #milli   #qəhrəman   #Azərbaycan  

Oxunub: 4155