Bağça müdirəsi 4 yaşlı qızına görə həbs edilmədi - MƏHKƏMƏ


19:34     22 Fevral 2018 hebss1.jpg

Bakıda vətəndaşlara qarşı dələduzluqda təqdirləndirilən bağça müdirəsi İlahə Ziyadovanın cinayət işi üzrə məhkəmə başa çatıb.



Femida.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İ.Ziyadova Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə təqsirli bilinib və 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun himayəsində 4 yaşında azyaşlı övladı olduğundan hökmün icrası uşağın 14 yaşı tamam olanadək təxirə salınıb.

Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri qüvvədə saxlanılıb.

İ.Ziyadova özəl bağçalardan birinin müdirəsi olub. Bir neçə ay birlikdə çalışdığı işçiləri ilə indi məhkəmədə üz-üzə qalıb. Buna səbəb isə İlahə Ziyadovanın işə düzəlmək üçün onlardan pul alması, amma vədinə əməl etməməsidir.

Belə ki, ittihama görə, İ.Ziyadova bir neçə nəfəri bağçaya müəllimə kimi işə düzəltməyə söz verib. Bunun qarşılığında onlardan müəyyən məbləğlərdə pul da alıb. Amma bir neçə ay sonra işə götürülən şəxslər vəd edilən əmək haqlarını ala bilməyiblər. İşə düzəlmək üçün verdikləri pulu tələb edərkən isə müdirə ilə fikir ayrılığı yaşayıblar. İ.Ziyadova aldığı pulları qaytarmadığından işçiləri ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Şikayətlər əsasında İ.Ziyadova barəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 162-1.1-ci maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, İ.Ziyadova barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.

Femida.az

Açar sözlər: #Cinayət   #həbs  

Oxunub: 530