Övladlığa götürülmüş uşaqdan imtina etmək olarmı? - HÜQUQ


00:30     24 Fevral 2018 18_02_23_1519372803.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Mövzumuz övladlığa götürülmə ilə bağlıdır. Bəzən övladlığa götürülmüş uşaq ailəyə alışa bilmir və ona qəyyumluq edən şəxslər uşağı geri qaytarmaq istəyir.

Yaxud uşağın əsl ata-anası üzə çıxır və övladını geri istəyir. Övladlığa götürülmüş körpədən üç il sonra imtina etmək olarmı? Belə bir sualla adının açıqlanmasını istəməyən oxucularımızdan biri müraciət edib. Suala hüquqşünas Seymur Məmmədov aydınlıq gətirib:

“Qanunvericiliyə əsasən övladlığa götürən şəxs və şəxslərin övladlığa götürülmüş uşaqdan imtina ilə bağlı əsasları olmalıdır. Nəyə görə uşaqdan imtina edirik sualını əsaslandırmalıdırlar. Ailə Məcəlləsinin 132-ci maddəsində övladlığa götürmənin ləğvinin əsasları barədə məsələlər işıqlandırılır.

Bu maddəyə əsasən, övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir:

- övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə;
- övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə;
- övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə;
- övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda.

Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər.

Hüquqşünasın bildirir ki, Ailə Məcəlləsinin 133-cü maddəsində övladlığa götürmənin ləğv olunmasını tələb etmək hüququ olan şəxslər göstərilib:

- övladlığa götürənlərin özləri;
- uşağın valideynləri;
- övladlığa götürülən 14 yaşına çatmış uşaq;
- müvafiq icra hakimiyyəti orqanı.

Vicdani olaraq yanaşsaq, övladlığa götürülən uşaqdan imtina insanlıq və uşağın ən ümdə maraqları baxımından yolverilməzdir. Lakin məhkəmə qaydasında mübahisələndirilən məsələdir. Belə ki, övladlığa götürmənin ləğvi ilə bağlı götürən şəxs yaşadığı rayon məhkəməsinə iddia ilə müraciət ediə bilər və məhkəmə övladlığa götürmənin ləğvi ilə bağlı Qəyyumluq Himayə Orqanını işə rəy bildirməsi üçün cəlb edir. Qəyyumluq və Himayə Orqanının rəyindən sonra məhkəmə uşağın öz valideyninə qaytarılması və ya uşaq müəssisəsinə qaytarılması barədə qətnamə çıxarır. Övladlığa götürmənin ləğvinə dair sübutlar təqdim olunarsa, uşaq qaytarıla bilər”.

Bu məcəllənin 135-ci maddəsində isə övladlığa götürmənin ləğvinin yolverilməzliyi halları qeyd olunur:
Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir.

Hüquqşünas imtina ilə bağlı bir məsələni xüsusilə vurğulayır:

“Valideyn uşaqdan imtina edirsə, onu qoyub gedirsə, bu cinayət məsuliyyəti yaratmır və aşkar olunan uşaq yaşına görə müvafiq uşaq müəssisəsi və ya internat evinə yerləşdirilir.
Lakin övladlığa götürülən uşaq müvafiq uşaq müəssisəsinə qaytarıldıqda həmin valideyn 18 yaşına çatana kimi o uşağa aliment ödəməyə borcludur. Bu Ailə Məcəlləsinin 66.2-ci maddəsində qeyd olunur”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #uşaq   #övladlıq   #valideyn   #qanun   #hüquq   #hüquqi_yardım   #ailə   #məcəllə   #hüquqşünas   #qəyyum  

Oxunub: 5272