“Vəkillərlə bağlı sərəncam çox əhəmiyyətlidir” - Komitə sədri


17:25     23 Fevral 2018 2018/02/eli-huseynli_1519378266.jpg

“Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam çox əhəmiyyətlidir”.


Femida.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bəzi deputatların vəkilliyin test imtahanı barədə dəyişiklik təklifi ilə razılaşmayıb:

“Çünki biz fiziki şəxslərin qanuni nümayəndəlik institutunu ləğv edəndə arqumentimiz ondan ibarət idi ki, Konstitusiyaya görə dövlət peşəkar hüquqi müdafiəni təmin etməlidir. Ona görə də biz qanunvericilikdə düzəliş etdik və hazırda məhkəmələrdə hüquqların müdafiəsi yalnız Vəkillər Kollegiyasının üzvü tərəfindən aparıla bilər. Əgər vəkillər peşəkar olmazsa, onlar məhkəmədə çəkişmə prinsipinin tətbiqində zəif görünə bilərlər. Bu arqumenti qəbul edə bilmərik ki, ittiham tərəfi, yəni prokurorlar bütün test mərhələlərini keçsin, amma vəkillər bundan keçməsin. Problemin həlli yolu bundan ibarət deyil. Sonuncu test imtahanı göstərdi ki, orada iştirak edənlər imtahanı müvəfəqiyyətlə veriblər”.

Ə.Hüseynli qeyd edib ki, həm dövlət qulluğunda, həm də hakimlərin seçkisində ikinci və növbəti mərhələ əhəmiyyət kəsb edir.

“Yalnız yazılı test imtahanı vermək peşəkarlığın yeganə göstəricisi deyil. Sərəncamdakı müddəaların tətbiqi vəkillərin sayının artırılmasına gətirib çıxaracaq. Nəticə belə olmalıdır ki, ədalət mühakiməsini həyata keçirən tərəflər (ittiham tərəfi, müdafiə tərəfi) peşəkarlıq baxımından eyni səviyyədə hazırlıqlı şəxslər olsun”.

Femida.az

Açar sözlər: #Vəkil   #MilliMəclis   #Deputat  

Oxunub: 629