Xırdalanda atışmada ölən şəxsin arvadı: "Gecə gəldi, üstü qan idi"


20:57     23 Fevral 2018 1429886643_mehkeme-texir.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl, quldurluq və digər cinayətlərdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Məhəmməd Əhmədov və Allahverdi Ruzpeykarın cinayət işi üzrə məhkəmə iclası başlayıb.


Hakim Azər Paşayevin sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.

Qeyd edək ki, ötən il martın 31-də Xırdalan şəhərində atışma baş verib.

Təqsirləndirilən şəxslərlə digər bir neçə nəfər arasında baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hadisənin borc pul üstündə baş verdiyi, təqsirləndirilən şəxslərin kriminal aləmə yaxın olduqları bildirilir.

İttihama münasibət bildirən Xəyal Paşayev özünü qismən təqsirli bilib. Kənan Həsənov, Bilal Bayramov, Məhəmməd Əhmədov, Allahverdi Ruzpeykar isə özlərini təqsirli bilmədiklərini deyiblər.

İclasda zərərçəkmiş şəxsin həyat yoldaşı, hüquqi nümayəndəsi Yeganə Hacıyeva ifadə verib.

O bildirib ki, ötən il martın 30-da günorta həyat yoldaşı Valeh Nəcəfov evə gəlib: "Yoldaşıma zəng gəldi. O, kiməsə "düşürəm, düşürəm" dedi. Sonra getdi, gecə gəldi. Üstü qan idi. Evdən qızıl götürdü, dedi Xırdalan uşaqlarına verməlidi. Sonra evə qayıtdı. Növbəti gün günortadan sonra onunla danışa bilmədim. Bir nəfər mənə zəng edib dedi ki, yoldaşım qəzaya düşüb, ayağı sınıb. Bizi polis idarəsinə çağırdılar. Biz də ora getdik və sonradan onun öldüyünü bildim".

Y. Nəcəfova deyib ki, yoldaşına onu təhdid edən şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb, lakin yoldaşı razı olmayıb: "Dedi sən bilmirsən onlar necə təhlükəli adamlardır. Dedi "məni ailəmlə, yaxınlarımla hədələyirlər, sən heç kimə heç nə demə".

Proses martın 9-da davam edəcək.(APA)

Femida.az

Açar sözlər: #Məhkəmə   #Şahid   #Hökm   #Cinayət   #Qətl  

Oxunub: 1312