Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə: Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə: Əcnəbi tələbələr universitetdən niyə qovulur?

15:35     24 Fevral 2018 2018/02/nazirlik_1519458031.jpg


Bakı Slavyan Universiteti ətrafında növbəti qalmaqal yaşanır. Bu dəfə bir neçə əcnəbi tələbənin universitetdən xaric olunması yeni mübahisələrə səbəb olub.
Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin II kurs magistrantı İsmayılova Aysel Xanbaba qızı tərəfindən Femida.az-a müraciət daxil olub.



Rusiya Federasiyasının vətəndaşı olan Aysel İsmayılova 2012-ci ildə Bakı Slavyan Universitetinə imtahan yolu ilə qəbul olunduğunu və 2016-cı ildə oranı bitirdiyini bildirib. Universitetin seçilən tələbələrindən olduğunu bildirən A. İsmayılova bu gün qarşılaşdığı problemdən təəssüfləndiyini bildirib:




“ 2016-cı ildə universiteti bitidikdən sonra magistr pilləsində təhsil almaq üçün hazırlaşmağa başladım. Elə həmin ilin yayında universitetdən mənə zəng gəldi ki, Slavyan Universitetinin magistr pilləsinə qəbul ola bilərəm. Mən xarici ölkə vətəndaşı olduğum üçün qəbul yalnız müsabiqə mərhələsini keçdikdən universitetə qəbul olundum. Yayda universitetə getdim. Universitetin yeni rektoru Nurlana Əliyeva və digər müəllimlərin iştirakı ilə mənim magistr şöbəsinə qəbul olunmaq üçün verdiyim sənədlərə baxıldı. Ümumi müsabiqədən sonra məni ödənişli olan şöbəyə qəbul etdilər. İllik təhsil haqqım 1200 manat olan məbləği ödədikdən sonra təhsilimə başladım.”

Tələbənin bildirdiyinə görə, 1 il universitetdə normal təhsil alıb və bütün imtahanları uğurla verib. Yalnız bu ilin fevralında tələbəyə deyilib ki, əcnəbi vətəndaşların Azərbaycanda təhsil alma qaydaları dəyişdirilib. Tələbənin bildirdiyinə görə, həmin qayda hələ Nazirlər Kabinetinin 2015-ci ilin 1 may 125 nömrəli Qərarı ilə müəyyən edilsə də, rəhbərlik onları universitetə qəbul edib.

“Mən ölkənin heç bir qanunlarına zidd gedə bilmərəm. Buna heç hüququm da yoxdur. Mən başa düşürəm ki, bu ölkədə yaşayan şəxslər yerli qanunlara tabe olmalı və əməl etməlidir. Amma bir sualım var. Belə bir qayda var idisə, niyə məni 2016-ci ildə müsabiqədən sonra Universitetə qəbul ediblər? Üstəlik 1 il oxuduqdan sonra, bütün imtahanları verib, bitirdikdən sonra universitetdən xaric olunacağımı bildiriblər. Bu vaxta qədər rəhbərlik niyə buna göz yumubmuş?”





Aysel İsmayılovanın sözlərinə görə, onların problemi olması barədə universitet rəhbərliyi qabaqcadan məlumatlı olub. Hətta bir müddət öncə bu məsələ ilə bağlı Əcnəbi tələbələrlə İş üzrə dekan Lamiyə Quliyeva işdən azad olunub. Amma onun işdən hansı səbəbə azad olunması barədə tələbələrə heç bir məlumat verilməyib.


“Hətta ondan sonra biz ikinci il üçün təhsil haqqının bir qismini də ödəmişik. Əgər belə bir problem olubsa, niyə universitet rəhbərliyi bizdən ikinci ilin təhsil haqqını alırdı? İndi bütün məsuliyyəti boyunlarından atırlar.”


Aysel İsmayılovanın bildirdiyinə görə, o Bakı Slavyan Universitetində qeyd olunan problemlə rastlaşan ilk tələbə deyil. Bundan əlavə daha 2 əcnəbi tələbələrin də eyni problemi var.





“ Rusiya vətəndaşı olan Kamran adlı tələbə və mənim qrup yoldaşım, Özbəkistan vətəndaşı Janna Linin də eyni problemi var. Onlara da təhsil haqqı ödənildikdən sonra universitetdən xaric olunduqları bildirilir.”

Aysel İsmayılovanın əsas tələbi ya universitetdə təhsilini davam etdirməsi, ya da ödədiyi məbləğin tam geri qaytarılmasının təmin edilməsidir.



Məsələ ilə bağlı Femida.az Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Slavyan   #Universitet   #Nurlana   #Əliyeva   #Rektor   #Tələbə   #İmtahan   #Rusiya   #Azərbaycan  

Oxunub: 20152